REGİONLAR
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib VİDEO
Xırdalan, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən geniş şura iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova hesabat məruzəsi ilə çıxış edərək, ötən ilin ölkəmiz, o cümlədən Abşeron rayonu üçün də uğurlu il olduğunu bildirib. Qeyd edib ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr icra olunub.
“Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun Xırdalan, Mehdiabad, Qobu, Saray, Masazır və Ceyranbatan yaşayış məntəqələrində 28 küçə üzrə 39,7 kilometr uzunluğunda yolun əsaslı təmir olunması məqsədilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə 26,6 milyon manat vəsait ayrılması hər bir abşeronlunun böyük sevincinə səbəb olub” - deyən İ.Gülməmmədova, bu diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə rəhbərinə dərin təşəkkürünü bildirib. O, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Mehdi Hüseynzadə, Qəşəm Aslanov, Nəsimi küçələrin yenidən qurulduğunu, şəhər ərazisində 22-ci və 26-cı məhəllələrin ərazisində nümunəvi məhəllə yaradılması işlərinin davam etdirildiyini diqqətə çatdırıb.
Əhalinin fasiləsiz elektrik enerji təminatı ilə bağlı ötən il həyata keçirilən layihələr haqqında danışan icra hakimiyyətinin başçısı bildirib ki, Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan, 1953-cü ildə tikilən və istismar müddətini başa vuran 220 kilovoltluq “Xırdalan” yarımstansiyası “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulur. 2019-cu ildə Xırdalan şəhərində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Xırdalan” yarımstansiyasının inşası başa çatdırılaraq şəbəkəyə qoşulub. “Azərişıq” ASC tərəfindən isə iki ədəd yarımstansiya istismara verilib. Ümumilikdə isə son 3 il ərzində Xırdalan, Qobu, Masazır, Saray, Fatmayı, Novxanı, Məmmədli yaşayış məntəqələri ərazisində 9 yeni yarımstansiya inşa olunaraq istismara verilib.
Məruzədə 2019-cu il ərzində “Abşeron Sukanal” və “Bağlar Sukanal” idarələri tərəfindən rayonun yaşayış məntəqələrində görülən işlər də əksini tapıb. Bununla yanaşı, əhalinin təbii qazla təchizatı, nəqliyyat və telekommunikasiya xidmətinin səviyyəsi də müzakirə olunub.
Bildirilib ki, 2019-cu ildə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi, həmçinin idman, gənclər siyasəti istiqamətində işlər davam etdirilib. Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də vətəndaşların qəbuluna diqqətlə yanaşılıb, rayon icra hakimiyyətində və hər həftə rayonun qəsəbə və kəndlərində səyyar qəbul keçirilməklə vətəndaşların mütəmadi qəbulları təşkil edilib. Ötən il 858 vətəndaşın müraciəti dinlənilib, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülüb. Xüsusilə 2019-cu ildə rayonun qəsəbə və kəndlərində 7 mindən çox sakinin iştirak etdiyi 42 səyyar qəbul-görüş keçirilib. Qəbullarda qaldırılan məsələlərlə bağlı tədbirlər planı tərtib edilərək, həlli ciddi nəzarətə götürülüb.
Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov 2019-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafından, əldə olunan nailiyyətlərdən danışıb, tövsiyələrini bildirib.
Sonra rayonun sosial-iqtisadi, mədəni və ictimai həyatında səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup şəxs icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
Sonda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.