Abşeron yarımadasının iqliminə uyğun ağaclar əkilib
Bakı, 20 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən ağacəkmə aksiyasına Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakının təşkili çərçivəsində Elm və Təhsil Nazirliyi də qoşulub.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ağacəkmə kampaniyasında müvafiq qurumların aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin rəhbərliyi də həmin kampaniyaya qoşulub.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda, əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə payız ağacəkmə aksiyasında 18 ali təhsil müəssisəsindən 33 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə iştirak edib.
Aksiya zamanı 6 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4 min 200 ədəd Eldar şamı, əncir və püstə ağacları əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında daha bir ağacəkmə aksiyası keçirilib. Budəfəki aksiyaya “SGS Azərbaycan” şirkətinin əməkdaşları da qoşulublar.
Aksiya çərçivəsində ETSN-in və “SGS Azərbaycan” şirkətinin nümayəndələrinin iştirakı ilə 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3 min ədəd Eldar şamı, zeytun və oleandr əkilib.