CƏMİYYƏT
Abşeronda orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri ilə bağlı təlim keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda təlim keçirilib.
Dövlət Komissiyasının Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 200-dən çox şəxsin iştirak etdiyi tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova ölkəmizdə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən olunduğunu, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində kompleks mübarizənin aparıldığını qeyd edib.
Komissiyanın daimi fəaliyyət göstərən İşçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin psixoloqu, psixoterapevt Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva və Abşeron rayonunun Digah kənd məktəbinin psixoloqu Vüsalə Səfərova çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən hazırlanan zəruri təbliğat materialları təqdim edilib.