ADA Universiteti “Yelo Bank”ın əməkdaşları üçün yeni proqrama başlayıb
Bakı, 22 oktyabr, AZƏRTAC
ADA Universitetinin İxtisasartırma Proqramı “Yelo Bank”ın əməkdaşları üçün “Liderlik Bacarıqlarının İnkişafı” proqramına başlayıb. Proqrama “Yelo Bank”da menecer səlahiyyətlərini icra edən 25 nəfər qoşulub.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, ikinci dəfədir ki, “Yelo Bank”ın əməkdaşları üçün təşkil edilən proqramın builki açılış mərasimi oktyabrın 22-də ADA Universitetində olub.
Tədbirdə akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyeva ali təhsil qurumu nəzdində İxtisasartırma Proqramı konseptini ölkəmizə gətirən ADA Universitetinin tarixindən, təqdim etdiyi ixtisaslardan və genişlənmə strategiyasından bəhs edib. O bildirib ki, İxtisasartırma Proqramı bilik və təcrübə mübadiləsini həyata keçirməklə yanaşı, Azərbaycanı xarici diplomatlara tanıdan platforma rolunu oynayır, xüsusilə də əcnəbi iştirakçıları Qarabağın işğaldan azad edilməsi nəticəsində regiondakı rolumuz barədə məlumatlandırır.
Aygün Hacıyeva sonda qeyd edib ki, əvvəlki illə müqayisədə “Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edən “Yelo Bank” əməkdaşlarının sayındakı artım əməkdaşlığın uğurundan və tədris edilən mövzuların nə dərəcədə faydalı olduğundan xəbər verir.
Qeyd edək ki, bu ilin sonunadək davam edəcək proqram 7 moduldan ibarətdir. Həmin modullar liderlik bacarıqları, emosional zəka, rəy vermə və alma kimi mövzulardan ibarətdir. Həmçinin modullar çevik liderlik bacarıqları və düşüncə tərzi, liderlik ünsiyyəti və etik qaydaları, habelə dəyişikliyin, eləcə də komandanın uğurla idarə edilməsi mövzularını əhatə edəcək.
İnteraktiv formatda keçiriləcək proqramda iştirakçılar təqdimatlar, “beyin fırtınası”, “keys” çalışmaları, praktiki tapşırıqlar, qrup işləri və simulyasiyalar vasitəsilə öyrəndiklərini tətbiq edəcəklər.
Proqramın mövzuları ADA Universitetinin müəllimləri, eləcə də idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik, dövlət və özəl sektordan olan qonaq ekspertlər, habelə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən tədris ediləcək.