ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
Gəncə, 14 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqrar elm və innovasiyaların inkişafı istiqamətində növbəti mühüm addım atılıb. Universitetdə Biotexnologiya üzrə Bitkilərin Adaptasiya Otağının açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində iştirakçılara yeni yaradılmış adaptasiya otağının fəaliyyət istiqamətləri, texniki imkanları, burada tətbiq olunacaq innovativ yanaşmalar, eləcə də həyata keçirilən elmi-praktik işlər barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, bu mərkəz laboratoriya şəraitində yetişdirilən bitki materiallarının xarici mühitə uyğunlaşdırılması, onların davamlılığının artırılması, seleksiya və genetik tədqiqatların praktik mərhələyə daşınması baxımından mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov aqrar sahədə müasir texnologiyaların tətbiqinin günümüzün əsas prioritetlərindən biri olduğunu bildirib. Rektor qeyd edib ki, universitetdə elmi-tədqiqat mühitinin daha da gücləndirilməsi, innovativ laboratoriyaların yaradılması və biotexnologiya istiqamətində qabaqcıl təcrübələrin tətbiqi ADAU-nun inkişaf strategiyasının əsas istiqamətlərindəndir. O vurğulayıb ki, yaradılan yeni adaptasiya otağı həm fundamental, həm də tətbiqi elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə aqrar sektorun dayanıqlı inkişafı üçün innovativ layihələrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir laboratoriya və tədqiqat mühitinin formalaşdırılması gələcəkdə rəqabət qabiliyyətli aqrar mütəxəssislərin hazırlanmasına və istehsalatda elmi yeniliklərin tətbiqinə geniş imkanlar yaradır.
Mərasim çərçivəsində aqrar innovasiyaların təşviqinə həsr olunan “AFAQ” layihəsi ilə bağlı videoçarxın təqdimatı da baş tutub. Videoçarxda layihənin məqsədləri, həyata keçirilən fəaliyyətlər və inkişaf perspektivləri barədə məlumat verilib.
ADAU-nun Biotexnologiya Mərkəzinin direktoru Ramin Məmmədov çıxışında bildirib ki, Biotexnologiya üzrə Bitkilərin Adaptasiya Otağı laboratoriyada əldə olunan bitki materiallarının təbii şəraitə uyğunlaşdırılması, onların yaşama qabiliyyətinin yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi və yeni biotexnoloji yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu infrastruktur həm yerli, həm də beynəlxalq elmi əməkdaşlıqlar üçün yeni imkanlar yaradacaq.
Daha sonra Biotexnologiya üzrə Bitkilərin Adaptasiya Otağının açılışı olub. İştirakçılar burada yaradılmış müasir iş şəraiti, istifadə olunan texnoloji avadanlıqlar, iqlimə nəzarət sistemləri və elmi eksperimentlərin aparılması üçün formalaşdırılmış imkanlarla yaxından tanış olublar.
Qeyd edilib ki, universitetdə yaradılan bu cür müasir elmi platformalar aqrar sahədə rəqabətqabiliyyətli kadr hazırlığının gücləndirilməsinə, elmi nəticələrin istehsalata transferinə və ölkənin aqrar inkişaf strategiyasına mühüm töhfə verir.
Daha sonra qonaqlar ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olublar.
Müxbir - Elcan Məmmədov