ADNSU-da koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Dünyanın bir neçə ölkəsində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair Nazirlər Kabinetində qərar qəbul olunub. Qərara əsasən, ADNSU-da da tədris prosesi dayandırılıb və universitetdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülür, dezinfeksiya işləri aparılır. Belə ki, universitetin auditoriyalarında, dərs otaqlarında, foye və konfrans zallarında, giriş və çıxışlarında xüsusi dərmanlama işləri davam etdirilir.
ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov mətbuata müsahibəsində tələbələrin və əməkdaşların sağlamlığının və təhlükəsizliyinin hər zaman diqqətdə saxlanıldığını deyib. O qeyd edib ki, koronavirus epidemiyasına qarşı dezinfeksiya tədbirləri ciddi şəkildə həyata keçirilir.
B.Nəzərov, eyni zamanda, ADNSU-da təhsil alan əcnəbi tələbələrin də sağlamlığının nəzarət altında olduğunu bildirib.
Bakı Şəhər Dezinfeksiya Mərkəzinin həkim epidemioloqu Zümrüd Əliyeva dezinfeksiya prosesində istifadə olunan məhlulun müasir preparat olduğunu, qoxusunun olmadığını, əşyalar və insanlar üçün təhlükəsiz olduğunu deyib.
ADNSU ilə yanaşı, Azərbaycan-Fransız Universitetində (UFAZ) də koronavirus epidemiyasının yayılmasına qarşı qapaqlayıcı tədbirlər davam etdirilib. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov virus əleyhinə yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.
Sərhədyanı ölkələrdə yayılmış koronavirus epidemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması tədbirləri və bu istiqamətdə görülən işlər virusun yayılma təhlükəsi bitənə qədər ADNSU-da davam etdiriləcək.