AFFA-nın İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib
Bakı, 11 mart, Səxavət Quliyev, Samirə Allahverdiyeva, AZƏRTAC
Martın 11-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, aparılmış müzakirələrdən sonra Rauf Əliyev AFFA-nın birinci vitse-prezidenti, Elşad Nəsirov isə vitse-prezidenti seçilib. Elxan Məmmədov növbəti 4 il müddətə AFFA-nın baş katibi vəzifəsinə təsdiq olunub. Bundan başqa, AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi müəyyənləşdirilib.
İclasda, həmçinin Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub. Topaz Premyer Liqasında çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb. “Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi”nin istifadəsinə verilib.
Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub. UEFA U-17 Avropa çempionatının Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb. İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın Nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.