ŞƏRH
Ağ Evin İrəvana dəstək kampaniyası ABŞ-Azərbaycan münasibətlərinə kölgə salır - RƏY
Bakı, 12 sentyabr, AZƏRTAC
ABŞ əlində olan müxtəlif vasitələr, o cümlədən “kölgə kəşfiyyatları” vasitəsilə Ermənistana məxfi gündəliyə əsaslanan maliyyə yardımları ayırır. Bu, Vaşinqtonun Cənubi Qafqazda geosiyasi sərhədlər çəkərək böyük ambisiyalar formalaşdırmaq prioritetlərinə əsaslanan sxemdir. Vaşinqtonun planları Cənubi Qafqazda münaqişələrə son qoymağı təşviq etməkdənsə, təhlükəsizlik üçün mürəkkəb problemləri daha da dərinləşdirməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov səsləndirib.
Diqqəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq 250 milyon dollara çatdırmasına yönəldən A.Kərimov bu siyasəti Rusiyaya qarşı ümumi cəbhənin tərkib hissəsi kimi qiymətləndirib. Qeyd edib ki, ümumilikdə proseslərin Ermənistana dəstək konteksti Azərbaycana qarşı da cəbhə yaradır.
“ABŞ-ın Ermənistanı hərbi, iqtisadi və siyasi cəhətdən dəstəkləməyə davam etməsi Azərbaycanı strateji cəhətdən sınağa çəkir. Buna görə də Azərbaycan getdikcə daha təkmilləşən regional təhlükəsizlik gündəmini formalaşdırır. Bu, Ermənistanla münasibətlərin normallaşdırılması zəminində Azərbaycanın şərtlərinin çərçivəsinin genişlənməsi və İrəvana qarşı uzunmüddətli siyasi alətlər qurması ilə nəticələnəcək. Hesab edirəm ki, bu, regional təhlükəsizlik üçün lazım olan alətlərdir və Azərbaycanın özünümüdafiə hüququ var. Azərbaycan bu hüquqdan istifadə etməyə məcburdur. Çünki ABŞ-ın yanaşmaları regionda təhlükəsizliyin liberallaşdırılmasına deyil, onun daha problemli məsələyə çevrilməsinə gətirib çıxaran məntiqə söykənir”, - deyə siyasi şərhçi bildirib.
ABŞ Cənubi Qafqazla bağlı addım atarkən regionda Azərbaycanla təhlükəsizlik, energetika sahələrindəki əməkdaşlıq ruhunu yada salmalı, İrəvanı total yardım kampaniyası çərçivəsindən çıxarmalı olduğunu vurğulayan A.Kərimov qeyd edib: “ABŞ-a regionda Azərbaycan kimi tərəfdaş lazımdır. Nəzərə alaq ki, Vaşinqton Bakının Cənubi Qafqazla Mərkəzi Asiya arasındakı təhlükəsizlik zonasında mühüm rol oynadığını dərk edir. Bu, ən geniş kontekstdə NATO-Azərbaycan əlaqələrinin dinamikasına müsbət təsir göstərir. Amma Ağ Evin İrəvana dəstək kampaniyası həmin münasibətlərə kölgə salır. Ağ Ev əlaqələrə xələl gətirmək istəmirsə, Azərbaycanın Ermənistanla sülh gündəmində Bakının İrəvan qarşısında irəli sürdüyü şərtləri nəzərə almalıdır. Ağ Ev bunları nəzərə alaraq ABŞ-ın Azərbaycan-Ermənistan sülh müqaviləsi layihəsinə konstruktiv uyğunluğunu yoxlamalıdır. Kəşfiyyat sxemlərini icra edən USAID kimi təşkilatların proseslərdən əlini çəkməyə vadar etmək Vaşinqtonun əsas vəzifələrindən biri olmalıdır”.