REGİONLAR
Ağdamda “19 yaşlı xilaskar” adlı filmin təqdimatı olub





Ağdam, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Muğam Mərkəzində “Qırmızı ulduz” ordenli Rahib Məmmədovun xatirəsinə həsr edilmiş “19 yaşlı xilaskar” adlı sənədli filmin təqdimatı olub.
AZƏRTC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə cəsur əsgər Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından bəhs edilib. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Sonra film nümayiş olunub. “19 yaşlı xilaskar" sənədli filminin ideya müəllifi və prodüseri Şahismayıl Şəmmədoğlu, ssenari müəllifi Elnur Vəlizadə, rejissorları Georgi Toradze və Elnur Vəlizadədir.
Rahib Məmmədovun qardaşı Sahib Məmmədov çıxış edərək, filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.