Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO
Saatlı, 2 oktyabr, AZƏRTAC
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. Saatlı rayonunun Fətəlikənd kəndində pambıq yığımının gedişi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər və məsul şəxsləri, rayon icra hakimiyyəti strukturlarının nümayəndələri, nazirliyin tabeli qurumlarının əməkdaşları və pambıqçı fermerlər iştirak ediblər.
Nazir Məcnun Məmmədov kombaynın sükanı arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizatorla Yasin Zəhəddinovla söhbət edib, mexanizatorun fəaliyyəti və pambıq yığımının gedişi ilə maraqlanıb. 10 ildir kombayn idarə edən Yasin Zəhəddinov iş təcrübəsi barədə nazirə məlumat verib və müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında yaratdığı imkanlardan danışıb.
Yığımın start verildiyi fermer təsərrüfatının rəhbəri Güləli Dursunov bildirib ki, 17 hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsində son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına düzgün əməl olunması nəticəsində sahədə bol məhsul yetişib. “Aqro-Az” MMC ilə müqavilə bağladığını deyən Güləli Dursunov bu il pambıq sahəsində hər hektardan 50 sentner məhsul gözlədiyini qeyd edib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun pambıqçılıq sahəsində ölkənin qabaqcıl bölgələrindən biri olduğunu, rayonda 12 min hektara yaxın sahədə pambıq əkildiyini, ötən il yüksək məhsuldarlıq əldə edildiyini qeyd edib. Bu göstəricilərin fermerlərin zəhməti və dövlət dəstəyinin nəticəsi olduğunu bildirən icra başçısı əlavə edib ki, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də emal sənayesinin inkişafına mühüm töhfə verir və cari ildə də yüksək nəticələrin əldə olunacağı gözlənilir.
Fermerlərlə görüşdə nazir Məcnun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə toxunub. Nazir Məcnun Məmmədov qeyd edib ki, dövlət proqramında prioritet istiqamətlərdən biri olan pambıqçılıqda ölkə başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına, məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait yaradıb. Nazir pambıqçılıq sahəsində mövcud vəziyyət, inkişaf meyilləri və qarşıda duran əsas vəzifələrdən bəhs edib.
Görüşdə pambıqçılığın inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər barədə fermerlərlə fikir mübadiləsi aparıb. Görüşdə iştirak edən fermerlər cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflərlə bağlı fikirlərini bölüşüblər. Fermerlər qarşıya qoyulan hədəflərə nail olunması və pambıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində bütün mövcud imkanların səfərbər ediləcəyini bildiriblər.
Müxbir-Aydın Yavərzadə