Ağdamda İnklüziv Yaradıcılıq Yarmarkası keçirilib
Ağdam, 5 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Ağdam Muğam Mərkəzində İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub. Yarmarka Ağdam Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Regionda yaradıcılıq potensialının dəstəklənməsi, sosial fəallığın artırılması və müxtəlif sosial qrupların ictimai həyata cəlb olunmasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Yarmarkada Qarabağ “DOST Evi” şöbəsinin fəaliyyəti və benefisiarların əl işləri nümayiş etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həssas qruplarla bağlı dəstək proqramları, inklüziv layihələri barədə də məlumat verilib, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmət və proqramları diqqətə çatdırılıb.
“Könüllü DOST” proqramı və Ağdam Sosial Xidmət Mərkəzinin fəaliyyətinə dair təqdimatlar olub.
Tədbirin bədii hissəsində Qarabağ “DOST Evi” və Ağdam Musiqi Kollecinin ifaçılarının təqdimatında musiqi nömrələri nümayiş etdirilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı AZƏRTAC-a müsahibəsində bildirib ki, yarmarkanın keçirməkdə məqsəd bölgədə inklüzivliyin təşviqi, həssas əhali qrupundan olan insanların yaradıcılıq potensialının nümayiş etdirilməsidir. Bölgədə bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə inklüzivlik anlayışının formalaşmasına və inkişafına töhfələr verir.