Ağdaşda “Ümummilli lider Heydər Əliyev multikulturalizmin siyasi banisidir” mövzusunda tədbir keçirilib
Ağdaş, 16 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə “Ümummilli lider Heydər Əliyev multikulturalizmin siyasi banisidir” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Habil Əliyev adına Ağdaş rayon Musiqi Məktəbində keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, orta məktəblərin yuxarı sinif şagirdləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Bilik Fondunun əməkdaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi ideologiya öz bəhrəsini verməkdədir. Bu siyasətin hazırda Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə multikultural dəyərlərin inkişafına verilən töhfələr hazırda Azərbaycanı Şərq və Qərb sivilizasiyalarının ən gözəl nailiyyətlərini özündə birləşdirən modern bir dövlətə çevirib.
Bilik Fondunun əməkdaşları, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının dosenti Vüqar Əlizadə, Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçiləri Mətləb Mahmudov və Faiq Ələkbərov multikulturalizmin mühüm aspektlərindən söhbət açıb, multikulturalogiya, dini müstəvidə Azərbaycan və tolerantlıq mövzularına toxunublar. Qərb-Azərbaycan münasibətlərində ölkəmizin tolerantlıq mövqeyinin xüsusi yer tutduğu vurğulanıb. Eləcə də Prezident İlham Əliyevin hədəf kimi göstərdiyi istiqamətlərdə görüləsi işlərdən bəhs olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını son dərəcə böyük ideoloji və siyası rola malik hadisə kimi qiymətləndirib, dövlətin bu istiqamətdə gördüyü işləri sistemləşdirməyin əhəmiyyətini diqqətə çatdırıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.