CƏMİYYƏT
Ağgöl Milli Parkına, Qobustan-Cəngiçay ərazisinə və Acınohur-Sarıca düzünə buraxılmış ceyranlar nəzarətdədir
Bakı, 26 dekabr (AZƏRTAC). “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinin icrasına 2010-cu ildə başlanmışdır. Layihənin başlanmasından ötən müddətdə Ağgöl Milli Parkına 19, Qobustan-Cəngiçay ərazisinə 39, Acınohur-Sarıca düzünə 40 baş ceyran buraxılmışdır. Müvafiq ərazilərdə ceyranların boyunlarına bağlanmış xüsusi xaltalarla onların hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, Ağgöl Milli Parkındakı ceyranlar ərazinin yem bazasına uyğunlaşdırıldıqdan sonra vəhşi təbiətə buraxılmış və ötən ilin may ayında balalamışdır. Bu il dekabrın 24-də aparılmış monitorinqin nəticəsinə əsasən, ərazidə 21 baş ceyran müşahidə edilmişdir.
Qobustan-Cəngiçay ərazisinə buraxılmış ceyranlar ilk vaxtlardan 2-3 qrupa bölünərək hərəkət etmişdir. Ceyranların bir qrupu Güzdək qəsəbəsinin cənub-qərbində, digər qrupu isə Abşeron rayonunun Pirəkəşkül kəndinin qərb istiqamətində müşahidə olunmuşdur. Bu ilin fevralından etibarən boyunlarına xalta bağlanmış ceyranların hərəkət istiqamətində ciddi yerdəyişmələr olmasa da, yerli sakinlərin sözlərinə görə, ceyranlar iki-iki, üç-üç gəzməyə başlamışdır. Mart ayında boynuna xalta bağlanmış ceyranlardan birini canavar yemiş, siqnalın daxil olduğu gün ceyranın nəşi aşkarlanaraq şəkli çəkilmiş və xalta götürülmüşdür. Hazırda ərazidə ceyranların döllənmə dövrü ilə bağlı tək və ya iki-bir, üç-bir gəzməsi halları müşahidə olunur.
ETSN-in mütəxəssisləri dekabrın 24-də apardıqları monitorinq zamanı Pirəkəşkül qəsəbəsinin cənub istiqamətində, o cümlədən Bakı-Şamaxı yolunun 47-ci və 50-ci kilometrliklərində müxtəlif ceyran qruplarına rast gəlmişlər.
Sahəsi təqribən 24 min hektaradək olan Acınohur-Sarıca düzünə buraxılmış ceyran sürüsü hazırda 50 min hektaradək ərazidə hərəkət edir. Son günlərin araşdırmalarına əsasən, ərazidə 7-10 sayda ceyran balası müşahidə edilmişdir. Eyni zamanda, ceyranların bir il ərzində Samux və Şəki rayonlarının ərazisində də hərəkəti qeydə alınmışdır.