AĞIR VƏ XÜSUSİLƏ AĞIR CİNAYƏT HADİSƏLƏRİNİN ÜSTÜ AÇILMIŞ, TƏQSİRKAR ŞƏXSLƏR MƏSULİYYƏTƏ CƏLB OLUNMUŞLAR
Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğu mətbuat xidmətlərindən AZƏRTAC-a bildirmişlər ki, Zaqatala şəhər sakini Oruc Davudovu qəsdən öldürməyə cəhd etmiş Mehdi Rzayev yüksək peşəkarlıqla aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində tutulmuşdur.
Hələ 1991-ci ildə qəsdən adam öldürdüyünə, 1996-cı ildə polis işçisinə müqavimət göstərdiyinə görə Mehdi Rzayev Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2001-ci ildə cəzaçəkmə yerindən azad olunduqdan sonra yaşamaq üçün Zaqatala şəhərinə gəlmişdir. Mehdi Rzayev əvvəllər ədavəti olduğu Zaqatala şəhər sakini Oruc Davudovdan intiqam almaq məqsədi ilə 2004-cü il aprel ayının 22-də saat 22.30 radələrində onun yaşadığı evin qarşısına gəlmiş, odlu silahdan atəş açaraq sonuncunun evinin pəncərəsini sındırmış və otaqlardan birinin tavanını zədələmişdir. Daha sonra Oruc Davudova atəş açaraq onu yaralamışdır.
Hadisə yerinə baxış keçirilərkən 16 kalibrli 4 ədəd patron gilizi və 2 ədəd güllə hissəciyi götürülmüşdür. Qəsdən adamöldürməyə cəhdə görə, Mehdi Rzayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu və 120.1-ci maddələri ilə ittiham elan olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Mehdi Rzayevin cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş 16 kalibrli qoşalülə ov tüfənginə baxış keçirilərkən həmin silahın 2003-cü il iyul ayının 23-də Zaqatala rayonunun Mazıx kəndində naməlum şəxslər tərəfindən qətlə yetirilmiş Məmmədnəbi Qairbekova məxsus olması və cinayətkarlar tərəfindən onun evindən götürülməsi aşkar edilmişdir.
Bu istiqamətdə aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunmuşdur ki, 2003-cü il iyulun 22-dən 23-nə keçən gecə Mehdi Rzayev, Məmmədnəbi Qairbekovun nəvəsi Tural Mehdiyev və qeyri-rəsmi nikahda olduğu Albina Mustafayeva adlı qadının oğlu Qorxmaz Mustafayev qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək maska və cinayətdə istifadə olunacaq digər vasitələr əldə edərək Məmmədnəbi Qairbekovun Mazıx kəndindəki evinə basqın etmiş, onu boğaraq öldürmüş və əmlakını talamışlar. Həyat yoldaşı Ayşa Qairbekovaya isə xəsarət yetirərək evdən bir ədəd “JVS” markalı videomaqnitofon, bir ədəd audiomaqnitofon, 1 milyon 250 min manat pul, yuxarıda göstərilən ov tufəngini və s. götürərək hadisə yerindən qaçıb gizlənmişlər.
İstintaq zamanı Mehdi Rzayev cinayəti Zaqatala şəhər sakinləri Tural Mehdiyev və Qorxmaz Mustafayevlə birlikdə törətdiyini bildirmiş, Tural Mehdiyev isə babasının qəsdən öldürülməsində həmin şəxslərlə iştirakını etiraf etmişdir.
Aparılmış əməliyyat tədbirləri ilə Qorxmaz Mustafayev 2004-cü il aprelin 27-də Bakı şəhərində kirayədə yaşadığı evdə yaxalanmışdır.
Həmçinin müəyyən edilmişdir ki, Zaqatala şəhər sakini Albina Mustafayeva Qairbekovun qəsdən öldürülməsində cinayətkarlara yardımçı olmuş, onlara maska və əlcək vermiş, bu hadisədən xəbəri olan rəfiqəsi Ludoya Rakitina ilə birlikdə ağır cinayəti gizlətmişlər.
İş üzrə istintaq davam etdirilir, cinayətin bütün xüsusatları araşdırılır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə daha bir ağır cinayətin üstü açılmışdır. 2004-cü il aprelin 22-dən 23-nə keçən gecə Bakı şəhər sakini Zakir Hüseynovun yaşadığı evin meydançasında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir. Fakt üzrə elə həmin gün Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qəsdən adamöldürməyə görə cinayət işi başlanmışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, mərhumun oğlu Ceyhun Hüseynov qardaşı Seymur və tanışı Elvin Kamal oğlu Əliyevlə qabaqcadan əlbir olub, atası Zakir Hüseynovu ailə münaqişəsi zəminində qəsdən öldürmüş, onun üstündə olan 1 milyon manat və 300 ABŞ dolları məbləğində pulu götürmüşlər. Cinayətin bütün iştirakçıları həbs olunmuşlar. Hazırda faktla bağlı istintaq aparılır.
Bundan başqa, 2004-cü il martın 27-də saat 13 radələrində yetkinlik yaşına çatmamış orta məktəb şagirdi Elvin Mansur oğlu Əliyev baş nahiyəsindən aldığı xəsarətlərlə huşsuz halda, onun anası Bacı Əliyeva isə qətlə yetirilmiş vəziyyətdə Binə qəsəbəsində yaşadıqları evdə aşkar edilmişlər.
Fakt üzrə Əzizbəyov Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.2.7-ci maddəsi ilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə görə cinayət işi başlanmışdır.
Bir gün sonra iş üzrə zərərçəkmiş qismində dindirilən Elvin Əliyev hadisənin tanışı İlqar Məhərrəmov tərəfindən törədildiyini bildirmişdir.
Aparılmış tədbirlərlə istintaqa cəlb edilmiş İlqar Məhərrəmov Elvin Əliyevi qəsdən öldürməyə cəhd etməsini və onun anası Bacı Əliyevanı isə qəsdən öldürdüyünü təsdiqləmişdir.
Daxili İşlər Nazirliyi və respublika Baş Prokurorluğu tərəfindən cinayətlərin qarşısının alınması, baş vermiş hər bir cinayətin açılması, təqsirkar şəxslərin müəyyənləşdirilib tutulması, məsuliyyətə və ədalət mühakiməsinə cəlb olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir.