İDMAN
Ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunun start tarixi açıqlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 16-da Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku start götürəcək.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edəcək yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet qüvvəsini sınayacaq.
Azərbaycan Kubokunun təşkilində məqsəd ağırlıqqaldırmanın bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında bu idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsidir.
Yarış həmçinin “Paris-2024” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyır.