Ağsuda biznes subyektləri qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb
Bakı, 10 iyul, AZƏRTAC
Biznes subyektlərinin alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu məqsədlə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir bu dəfə Ağsu şəhərində təşkil edilib. KOBİA, Bakı Fond Birjası, Ağsu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “PAŞA Kapital” investisiya şirkətinin iştirakı ilə keçirilən tədbirdə mütəşəkkil kapital bazarı və yaratdığı imkanlar, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları və qiymətli kağızlar bazarı mövzularında təqdimatlar olub.
Qeyd edək ki, bu, sayca iyirminci belə tədbirdir. Bundan öncə isə “İnvestisiya səyahəti” tədbiri Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı, Şabran, Göyçay, Şəmkir, Naxçıvan, Quba, Şəki, Zaqatala və Şirvan, Qusar və Mingəçevir şəhərlərində təşkil olunub.