Akademik Zərifə Əliyevanın traxomanın müalicəsindəki yeni üsulu minlərlə insanın şəfa tapmasına kömək edib
Bakı, 19 aprel, AZƏRTAC
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva Azərbaycan elmini nəinki keçmiş SSRİ-də, eləcə də dünyada tanıdan böyük şəxsiyyətlərdən biri idi. Hər görkəmli insanın yetişdirilməsində onun dünyaya gəldiyi ailənin, yaşadığı mühitin böyük rolu var. Bu baxımdan da Zərifə xanım Əliyevaya tale lütfünü əsirgəməyib. O, bütün insanlar üçün örnək olan Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Məlumdur ki, bu ailədə elmə, təhsilə, səhiyyəyə böyük hörmət vardı. Ona görə də Zərifə xanımın ilk növbədə istedadlı mütəxəssis kimi yetişməsində ailə mühiti son dərəcə böyük rol oynayıb. Bu ailədə Zərifə xanımla yanaşı, Azərbaycan təhsilinə, səhiyyəsinə, mədəniyyət və incəsənətinə böyük töhfələr vermiş insanlar yetişib. Əziz Əliyevin bu ənənəsi hazırda da davam edir.
AZƏRTAC xəbər verir ki, bunu aprelin 19-da oftalmoloq-alimin yubileyinə həsr olunan “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, Zərifə Əliyevanın həyat fəaliyyəti ilə tanış olduqda onun hələ gənc yaşlarında oftalmologiyanın ən çətin və az təhlil olunmuş sahələrinə müraciət etdiyini görürük. O, bu sahədə böyük uğurlara imza atıb. Hələ gənc yaşlarından traxomanın müalicəsi ilə məşğul olub, onun yeni müalicə üsulunu tətbiq edib və beləliklə minlərlə insanın görmə qabiliyyətini xilas edib.
Sonraki elmi fəaliyyəti dövründə Zərifə xanım oftalmologiyanın aktual problemləri ilə məşğul olub. Özündən sonra böyük elmi məktəb qoyub. Bu məktəb hazırda onun adını daşıyan Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində uğurla davam etdirilir.