Akkreditasiya qaydalarında dəyişiklik təhsil müəssisələrində mövcud çatışmazlığın aradan qaldırılmasına təkan verəcək - ekspert
Bakı, 2 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Bu gün Nazirlər Kabineti “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 28 sentyabr tarixli Qərarında dəyişiklik edib. Dəyişikliyə əsasən, bəzi hissələr çıxarılıb, yəni 4.16.1-4.16.4-cü yarımbəndlər ləğv edilib, 4.16-1 bənd əlavə edilib. Əvəzində isə Qaydaların 4.17 bəndinə müəyyən redaktələr olunub.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi AZƏRTAC-a açıqlamasında bildirib ki, Qaydaların 4.17 bəndinə edilən redaktələrə əsasən, hər hansı universitetin yoxlama zamanı göstərdiyi nəticə maksimum balın 85-100 faizini əhatə edərsə, həmin universitet akkreditasiya verilməsinə uyğun olacaq. 70-84 faiz nəticə göstərənlər, yəni “əsasən uyğundur” olan təhsil müəssisələri də akkreditasiyadan keçmiş hesab ediləcək. 55-69 faiz nəticə “qismən uyğundur” hesab edilir. 54 faiz və daha aşağı olanlar isə “uyğun deyil” kimi qiymətləndiriləcək. Əlbəttə, sənəddə qeyd edildiyi kimi, təhsil müəssisələrində nəticə 70 faiz və yuxarıdırsa, bu zaman həmin təhsil müəssisəsi 5 il üçün tam akkreditasiyadan keçmiş hesab ediləcək. Nəticə aşağıdırsa, məsələn, 65 faizi ötmürsə, həmin universitet mövcud çatışmazlıqları aradan qaldırmaq şərti ilə iki ildən sonra təkrar akkreditasiyadan keçiriləcək. Akkreditasiya zamanı təhsil müəssisəsi “əsasən uyğundur” və “uyğundur” qiymətləndirilərsə, o zaman akkreditasiyadan keçmiş hesab olunacaq. Həmin təhsil müəssisəsinə beş il müddətinə akkreditasiya veriləcək.
“Bu Qaydalarda dəyişiklik, ilk növbədə, təhsil müəssisələrinin ümumi inkişafına, faktiki çatışmazlıqların aradan qaldırılmasına, təhsil proqramlarının daha da təkmilləşdirilməsinə xidmət edir. Bütün bu dəyişikliklər müvafiq olaraq təhsil müəssisələrinin nüfuzunun artmasına gətirib çıxaracaq. Təbii ki, akkreditasiyanın keçirilməsini ali təhsilin və ya orta ixtisas təhsilinin inkişafına təkan verən bir amil kimi qiymətləndirmək olar”, - deyə ekspert fikrini yekunlaşdırıb.