Bakıda yeniyetmələr arasında idman akrobatikası üzrə Azərbaycan birinciliyi başa çatmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qadın cütlüyü yarışlarında idman ustaları arasında Gimnastika məktəbinin təmsilçiləri, 45,41 bal toplamış Ayla Əhmədova və Dinarə Abbasova birinci olmuşlar. Kişi cütlüyündə ustalığa namizədlər arasında Fərhad Cəfərov və Elçin Məmmədov (Gimnastika məktəbi - 43,13 bal) qalib gəlmişlər. Qadın qrupunda Turanə Əsgərova, Mehri Bayramova və Aleksandra Məlikova (Gimnastika məktəbi – 36,25 bal) fərqlənmişlər. Qarışıq duetdə üçüncü dərəcəli idmançılar arasında “Neftçi”nin nümayəndələri Emil Baxşəliyev və Cəmilə İbrahimli (22,55 bal) ən yaxşı nəticə göstərmişlər. 11-16 yaşlılar qrupunun qadın cütlüyündə birinci yeri Səminə və Evelina İbrahimovalar (“Neftçi”-26-30 bal) tutmuşlar. Kişi cütlüyündə Nizami rayonu idman məktəbindən Tural Eyvazov və Adil Feyzullayev fərqlənmişlər. Onlar 23,75 bal toplamışlar.
Qarışıq cütlükdə fəxri kürsünün birinci pilləsinə Nizami rayonu idman məktəbindən Rasim Mirzəyev və Sevinc Əliyeva (24,65 bal) qalxmışlar. Onların komanda yoldaşları kişi və qadın qruplarında birinci olmuşlar. İnarə Həşimi, Könül Fərəcova və Dilarə Sultanova 26,60, Rüstəm Nəcəfquliyev, Vüqar Əhmədov, İlham Abbasov və Fərid Məmmədov 26,45 bal toplamışlar.
Mütəxəssislər bu turniri may ayında Fransada keçiriləcək dünya birinciliyinə hazırlıq kimi qiymətləndirirlər.