Aktauda Xocalı soyqırımı ilə bağı rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Aktau, 24 fevral, AZƏRTAC
Fevralın 7-23-də Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Aktauda uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinə yekun vurulub.
Rəsm müsabiqəsində Aktau şəhərinin Dövlət Uşaq İncəsənət Məktəbinin, Abıl adına Qazax İncəsənət Məktəbinin, “Önər” Art-Qalereyasının, “Darın” Uşaq inkişafı Mərkəzinin, həmçinin Manqistau vilayətinin Beyneu şəhər Baktıbayuli adına, Akşakur qəsəbəsinin Ayşuakulu adına məktəblərdən, Jetibay və Tupkaraqan qəsəbələrinin incəsənət məktəblərindən 300-ə yaxın yeniyetmənın rəsmləri təqdim olunub.
Fevralın 23-də Qazaxıstan Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən rəsmlər qiymətləndirilib.
Müsabiqənin yekununa görə, 7-9 yaşlı uşaqlar arasında qalib Abıl adına Qazax İncəsənət Məktəbinin şagirdi Şanşarxan Raxmatulla, 10-13 yaşlılar arasında “Darın” Uşaq İnkişafı Mərkəzinin şagirdi Akbota Berdıkojakızı, 14-19 yaşlılar arasında isə Aktau Dövlət Uşaq İncəsənət Məktəbinin şagirdi Dana Musina olub. Bundan əlavə, hər yaş qrupundan daha iki nəfər 2-ci və üç nəfər 3-cü yerlərə layiq görülüblər.
Müsabiqənin Qran-pri mükafatına “Önər” Art-Qalereyasının şagirdi Ləzzət Nurqamanbetovanın “Помним, любим, скорбим!” rəsmi layiq görülüb.
Müsabiqədə iştirak etmiş rəsmlər Aktau şəhərinin “Önər” Art-Qalereyasının sərgi salonunda nümayiş etdiriləcək. Qaliblər baş konsulluq tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçiriləcək anım mərasimində fəxri fərmanlarla təltif olunacaqlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau