“ALEKSANDR DÜMA QAFQAZDA” LAYİHƏSİNİN İŞTİRAKÇILARI ŞƏKİDƏ OLMUŞDUR
Şəhər icra hakimiyyətində keçirilən görüşdə fransalı qonaqları səmimi salamlayan icra hakimiyyətinin başçısı Nazim İbrahimov Şəkinin tarixi, mədəniyyəti, adət-ənənələri, turizm imkanları barədə məlumat vermiş, ölkələrimiz arasında dostluğun və mədəni əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsində belə görüşlərin böyük əhəmiyyətini vurğulamışdır.
Nümayəndə heyətinin üzvləri Avropa Şurası tərəfindən geniş dəstəklənən bu layihənin xalqlarımız arasında mədəni-tarixi əlaqələrin genişlənməsinə və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə müsbət təsir göstərəcəyini bildirmişlər.
Qonaqlara görkəmli fransız yazıçısı Aleksandr Dümanın XIX əsrin ortalarında Rusiyaya və Qafqaza tarixi səfəri, o cümlədən 1859-cu ilin martında Şəkidə olarkən keçirdiyi görüşlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Şəkiyə səfəri yazıçıda dərin təəssürat buraxmışdır. O, şəhərin qədim yaşayış məhəllələrini gəzmiş, Şəki xanlarının sarayında, Aşağı Karvansarada olmuş, bazarda alış-veriş də etmişdir. Yazıçı Şəkinin o zamankı tanınmış ziyalılarından olan Şəmsəddin Əbdülqəni Əfəndi Nuxəvinin evində qalmışdır. Ev sahibinin zəngin kitabxanası qonağın çox xoşuna gəlmiş və yazıçı bir neçə kitabın ona satılmasını xahiş etmişdir. Ev sahibi isə cavabında “Kitab insanın dostudur, insan öz dostunu satarmı?” – demişdir. Bununla belə, o, qonağa bir neçə əlyazma vermişdir. Şəki ilə tanışlıqdan sonra Aleksandr Düma Peterburq və Moskva haqqında təəssüratların artıq onun üçün çox maraqsız olduğunu bildirmişdir.
Görüşdən xatirə olaraq qonaqlara şəhərin gerbi əks olunmuş suvenir, habelə Şəki ilə bağlı buklet və kitablar hədiyyə edilmişdir.
Avropalı ekspertlər Şəkinin görməli yerlərini gəzmiş və tarixi abidələri ilə tanış olmuşlar. Onlar şəhərin ən böyük sənaye müəssisəsi olan “Şəki-İpək” ASC-də istehsal prosesini izləmiş, “İpək muzeyi”nə və hazır məhsulların nümayiş etdirildiyi sərgi salonuna baxmışlar. Fransalı qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
Daha sonra qonaqlar Kiş kəndindəki IV əsrə aid qədim alban məbədi, XIX əsrə aid memarlıq abidəsi olan Aşağı Karvansara, Azərbaycan milli memarlığının nadir incilərindən sayılan Şəki xanlarının sarayı ilə də yaxından tanış olmuşlar. Şəhərdəki Nakam adına kitabxanada fransız yazıçı və şairlərin əsərlərindən təşkil edilən kitab sərgisi qonaqlarda böyük maraq doğurmuşdur.
Sentyabrın 2-də layihə iştirakçıları tanışlıq məqsədi ilə qonşu Zaqatala rayonuna qısamüddətli səfər etmişlər.