SİYASƏT
Ali Radanın deputatı: Ukrayna ardıcıl dəstəyinə görə Azərbaycana minnətdardır
Kiyev, 15 may, AZƏRTAC
Ukrayna ardıcıl dəstəyinə görə Azərbaycana minnətdardır. Həm Ukrayna, həm də Azərbaycan beynəlxalq hüququn tərəfdarıdır, dövlətlərimiz oxşar çağırışlarla üzləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiyevdə “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar qarşısında strateji tərəfdaşlıq” mövzusunda keçirilən dəyirmi masada Ali Radanın deputatı, Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
“Ukraynalı deputatların bir neçə həftə əvvəl bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşü ənənəvi olaraq səmimi və dostluq şəraitində keçib. Ukrayna və Azərbaycan deputatları arasında əməkdaşlıq bir sıra beynəlxalq platformalar, o cümlədən AŞPA çərçivəsində həyata keçirilir”, - deyə Merejko əlavə edib.
Ukrayna Ticarət və Sənaye Palatasının vitse-prezidenti Valeri Korol isə çıxışında bildirib ki, Azərbaycan şirkətləri Ukraynanın tikinti sektoruna investisiya qoymaqda maraqlıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev