ALİMLƏR ƏKİZLƏRİN SİRRİNİ TAPIR
Tezliklə bəlkə də, gələcək valideynlər doğulacaq uşaqların sayını əvvəlcədən müəyyən edə biləcəklər. “Lonq-Aylənd” Avropa Tibb Mərkəzi alimlərinin apardıqları son tədqiqatların nəticələrinə görə, hündürboy qadınların əkiz uşaqları alması ehtimalı daha çoxdur. Tədqiqatçıların fikrincə, həm ananın boyuna, həm də doğulan uşaqların sayına eyni hormonlar təsir göstərir.
Məlumdur ki, nəslində əkizlər olan qadının əkiz uşaq doğmaq ehtimalı 10 faiz çoxdur. Bundan əlavə, gələcək ananın qidalanma tərzi də bu amilə təsir göstərir. Daha çox ət və süd məhsulları ilə qidalanan qadınlar vegeterian qadınlardan 5 dəfə dəfə çox əkiz uşaq doğurlar.
Süni mayalanma proseduru keçən qadınlar da çox vaxt dünyaya əkiz övlad gətirirlər. Yaşı 35-i keçmiş qadınların da əkiz doğmasına tez-tez rast gəlmək olar.
Nəhayət, alimlərin aşkar etdiyi daha bir qanunauyğunluq da var. Müəyyən irqi qruplara mənsub qadınlar əkiz uşaq doğmağa meyillidirlər. Müvafiq hormonların səviyyəsi afrikalılarda çox, asiyalılarda isə azdır.
ABŞ Sağlamlığın Statistikası Mərkəzinin 1999-cu ildə dərc etdiyi məruzəyə görə, son illər əkizlər daha çox doğulur. BMT-nin məlumatına görə, əkizlərin sayına görə dünyada birinci yeri İsrail tutur. Burada əhalinin 5 faizini əkizlər təşkil edir. Yaşı 45-dən çox olan qadınların 15 faizinin əkiz uşaqları var.