Alimlər hesab edirlər ki, Avstraliyada baş verən quraqlığın əsas səbəbi Antarktida üzərindəki ozon dəliyidir
Bakı, 23 aprel ( AZƏRTAC). Nyu-Yorkdakı Kolumbiya Universitetinin tədqiqatçıları müəyyənləşdirmişlər ki, ozon dəliyi küləklərin istiqamətinə və gücünə, son nəticədə yağıntıların paylanmasına təsir göstərir.
Avstraliyanın bir sıra rayonlarında quraqlıq artıq neçə ildir davam edir. Fermerlərin çoxu müflisləşmişdir. Həmin rayonlardakı şəhərlərin hakimiyyət orqanları büdcə vəsaitini sutəmizləyici zavodların inşasına sərf etməyə məcbur olurlar.
İlkin məlumata görə, ozon dəlikləri lokal iqlimin dəyişməsinə təqribən 10 faiz təsir göstərır. Avstaliyaya gəldikdə isə, Antarktida üzərindəki ozon dəliyi qitənin iqlim şəraitini rekord səviyyədə-45 faiz dəyişmişdir. Avstraliyada quraqlıq silsilə xarakterlidir və vaxtaşırı baş verir. Qlobal istiləşməyə qədər qitədə XIX əsrdə güclü quraqlıqların baş verməsi barədə məlumat vardır.
Alimlər bildirirlər ki, ozon bəşəriyyət üçün olduqca faydalı xüsisiyyətlərə malikdir. Ozon qatı təhlükəli ultrabənövşəyi şüaları udur, insanları dəri xərçəngindən və digər ağır xəstəliklərdən qoruyur. Lakin insan fəaliyyəti nəticəsində atmosferdə ozon qazının miqdarı xeyli dərəcədə azalır. Bu, sənaye məhsulları istehsalı zamanı atmosfera atılmış maddələrlə kimyəvi reaksiyaların gedişində baş verir.
Ozon qatını məhv edən kimyəvi maddələrin siahısı Monreal protokolunda əks olunmuşdur. Protokolu BMT-nin üzvü olan təqrıbən 200 ölkə imzalamışdır və həmin müqavilə 1989-cu ildə qüvvəyə minmişdir.
Mütəxəssıslər isə bildirirlər ki, artıq atmosferdə olan zərərli maddələr hələ uzun müddət-bir neçə onillikdə ozon qatını məhv edəcəkdir.