Alman mütəxəssisləri Azərbaycanın biznes turizm potensialını öyrənir
Azərbaycan Konqreslər Bürosu və Mədəniyyət və Turizm Nazirliyinin Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin dəstəyi ilə ölkəmizdə tanışlıq səfərində olan alman nümayəndə heyətinin tərkibinə bu ölkənin aparıcı MİCE (biznes turizm) bazarı iştirakçıları və media nümayəndələri daxil idi.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, media nümayəndələri Avropanın səyahət və turizm üzrə ixtisaslaşan əsas nəşrləri - ICJ magazine və CIM-i təmsil edirdi. Səfər zamanı nümayəndə heyəti Azərbaycanın adət-ənənələri və ölkədə biznes turizminin inkişafı üçün yaradılan şərait haqqında məlumatlandırılıb.
Səfər çərçivəsində almaniyalı qonaqlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Şirvanşahlar saray kompleksi” tarix-memarlıq abidəsi, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Heydər Əliyev Mərkəzi və digər tarixi və müasir məkanları gəzərək Azərbaycanı daha yaxından tanımaq imkanı əldə ediblər.