ALMANİYA-AZƏRBAYCAN FORUMU ÖZ FƏALİYYƏTİNİ BƏRPA ETMİŞDİR
Forumun məqsədi Almaniya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini vermək, Almaniyada Azərbaycanı geniş təbliğ etmək, zəngin mədəniyyətimizi bu ölkədə daha yaxından tanıtmaq, o cümlədən 2008-ci ildə keçirilməsi nəzərdə tutulan “Azərbaycan mədəniyyəti ili”nin təşkilində yaxından iştirak etməkdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qurumun öz fəaliyyətini bərpa etməsindən böyük məmnunluq duyduğunu ifadə etmişdir. Diplomat 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı Bonnda Almaniya-Azərbaycan Forumu idarə heyətinin və rəyasət heyətinin üzvləri ilə görüşdüyünü xatırlatmışdır.
Forumun yeni idarə heyəti seçilmişdir. Helmut Kol hökumətində dövlət katibi vəzifəsini tutmuş, 16 il bundestaqın üzvü olmuş görkəmli siyasətçi Otto Hauzer Almaniya-Azərbaycan Forumunun sədri seçilmişdir. Səfir Pərviz Şahbazov, Köln Texniki Universitetinin professoru Rza Talebi-Dəryani və Potsdam Universitetinin professoru Vilfrid Furman müvafiq olaraq sədrin müavinləri və idarə heyətinin üzvləri seçilmişlər.
Forumun Nizamnaməsi müzakirə olunaraq bəzi əlavə və dəyişikliklərlə qəbul edilmişdir.