Almaniya bu ilin “İnnovasiya çempionudur”
Berlin, 7 yanvar, AZƏRTAC
Yeni ilin ilk günlərindən ilk böyük tədbirlər, yarışlar keçirilib və hətta ilk qaliblər də müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, Amerikanın Las-Veqas şəhərində bazar gününə qədər davam edəcək “İstehlakçı elektronikası sərgisi” (Consumer Electronic Show — CES) açılıb. Texnoloji sərgidə Almaniyaya “İnnovasiya çempionu” adı verilib. Ölkə təqdim olunan məhsulların innovativliyi kateqoriyasında ən yaxşısı seçilib.
Tədqiqatda 17 kateqoriyada 40 göstərici üzrə meyarlar, o cümlədən genişzolaqlı çıxış, peşəkar treninq sistemi, məhsulların ətraf mühitə təsiri, ticarət üstünlükləri və kibertəhlükəsizlik əsas götürülüb.
Sərgidə iştirak edən Almaniyanın federal rəqəmsal texnologiyalar və nəqliyyat naziri Folker Vissinq bildirib ki, texniki innovasiyalar və rəqəmsal tərəqqi haqqında söhbət gedəndə onun ölkəsi gələcəyə nikbinliklə baxır. Onun sözlərinə görə, sərgidə Amerika şirkətləri tərəfindən təqdim olunmuş ixtiraların bir çoxu Almaniyadan gəlib. Nazir qeyd edib ki, Amerika şirkətləri Almaniyanı özləri üçün rəqəmsal texnologiyalar məkanı kimi açıblar, əks halda onlar Almaniyaya belə fəal şəkildə sərmayə qoymazdılar. O hesab edir ki, Almaniyanın CES sərgisində innovasiyalar üzrə çempion adlandırılmasının səbəbi məhz budur.
Almaniya şirkətləri sensor və robotlar vasitəsilə yüksək texnologiyalı gübrə paylama sistemi, eləcə də yeni elektrik ekskavator təqdim ediblər. Böyük və avtonom şəkildə idarə olunan traktor da maraq doğurub. Bir növ “dron”.
Bundan başqa, sərgidə alman avtomobil sənayesinin innovasiya gücü tam şəkildə təqdim edilmişdi. Xüsusilə BMW-nin Münhen avtomobil istehsalçısı bir düyməyə basmaqla rəngini dəyişə bilən futuristik avtomobillə ziyarətçiləri və münsiflər heyətini təəccübləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin