DÜNYA
Almaniya ciddi böhranla üz-üzədir, ölkə sənayesizləşmə təhlükəsi ilə qarşılaşır
Bakı, 13 sentyabr, AZƏRTAC
Polşanın “Filary Biznesu” portalı yazır ki, böyük dərəcədə sənayeyə əsaslanan Almaniya iqtisadiyyatı onun sabitliyinə və rəqabət qabiliyyətinə təhlükə yarada biləcək problemlərlə üzləşir.
AZƏRTAC xəbər verir ki, Almaniya Sənaye Assosiasiyasının (BDI) hazırladığı son hesabata əsasən, beynəlxalq rəqabətin öhdəsindən gəlmək və sənaye mövqeyini qorumaq üçün 2030-cu ilə qədər ölkədə təxminən 1,4 trilyon avro əlavə investisiyaya ehtiyac olacaq.
BDI-nin baş icraçı direktoru Ziqfrid Russvurm hesabatı təcili ehtiyac duyulan dəyişiklik üçün sənayedən aydın çağırış adlandırıb. Onun sözlərinə görə, Almaniyada sənayesizləşmə riski daim artır və bu proses artıq bəzi sənaye sahələrində başlayıb. Hazırda ölkə sənayesinin 20 faizə qədərinin risk altında olduğu təxmin edilir.
Alman şirkətləri hazırda onların fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirən bir sıra problemlərlə mübarizə aparır. Ən mühüm problemlərə yüksək enerji qiymətləri, ixtisaslı işçi çatışmazlığı, həddindən artıq bürokratiya, qeyri-kafi investisiyalar və yüksək vergilər daxildir. Bu amillər alman şirkətlərinin rəqabət qabiliyyətini azaldır ki, bu da istehsalın xaricə daha çox köçürülməsinə səbəb ola bilər.
Son 30 ildə investisiyaların olmaması rəqəmsal infrastruktur, təhsil və nəqliyyat kimi əsas iqtisadi sektorlarda da əhəmiyyətli azalmalara səbəb olub. Məsələn, ölkədə gələcək texnoloji inkişaf üçün lazım olan düzgün şəkildə inkişaf etdirilmiş fiber-optik şəbəkə hələ də yoxdur.
COVID-19 böhranı və davam edən Rusiya-Ukrayna münaqişəsi ənənəvi olaraq ixraca əsaslanan Almaniya sənayesinin vəziyyətini daha da pisləşdirib.
Ekspertlərin bir çoxu hesab edir ki, Almaniya hələ də Avropa sənayesinin liderlərindən biri olsa da, müvafiq islahatlar aparılmadan xaricə sənaye miqrasiyası və sənayesizləşmə riski ilə üzlə bilər.