ALMANİYA ŞİRKƏTİ MƏHSULLARININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasimdə şirkətin Azərbaycandakı nümayəndəsi Samir Nəsirov qurumun yaranma tarixi, fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, dünyanın 110-dan çox ölkəsində nümayəndəliyi olan şirkət 2003-cü ildə konsern yaratmışdır. Bu şirkətlər qrupuna Almaniya, İtaliya, İngiltərə, Polşa, Fransa, İsveçrə və digər inkişaf etmiş ölkələrin plastik boru sistemləri istehsalçısı olan qabaqcıl qurumları daxildir.
Şirkətin Rusiya nümayəndəliyinin layihə üzrə meneceri istehsal məhsullarından istifadə üstünlüklərindən danışmış, boru kəmərləri üçün geniş çeşiddə birləşdirici və qapayıcı qurğuların istehsalı, eyni zamanda, bina və tikililərin mühəndis şəbəkəsinin qurulması və bütün bu işlərə uzunmüddətli təminat barədə izahat vermişdir. Qeyd olunmuşdur ki, birləşdirmə və qaynaq üsullarının çoxluğu, istismar və quraşdırmanın spesifik şərtlərini nəzərə almaqla, müxtəlif vəziyyətlərdə iş zamanı ən yaxşı həll üsullarını tapmağa imkan verir.
Mərasimdə müxtəlif polimer materiallardan hazırlanan bu məhsulların yüksək keyfiyyəti ilə fərqləndiyi əsaslandırılmışdır.