Almaniyada “Muslim interaktiv” adlı birliyin fəaliyyəti dayandırılıb
Berlin, 5 noyabr, AZƏRTAC
Almaniyanın Daxili İşlər Nazirliyi “Muslim interaktiv” adlı ictimai birliyin fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumatda qərarın həmin təşkilatın məqsəd və fəaliyyəti ilə ölkənin konstitusiya quruluşuna, eləcə də xalqlar arasında həmrəylik ideyasına qarşı yönəlməsi ilə bağlı olduğu göstərilib.
Eyni zamanda, mümkün əlavə strukturların fəaliyyətinin aydınlaşdırılması məqsədilə Hamburqda 7, eləcə də “Muslim interaktiv” ilə eyni yöndə fəaliyyət göstərməsi və ya onun tərkib hissəsi olmaqda şübhəli bilinən “Generation İslam” və “Realitat İslam” ictimai birliklərinə qarşı əlavə 12 ünvanda istintaq və axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
Nazirliyin məlumatında təşkilatın öz bəyanatlarında dövlətin istənilən təsirinin rədd edilməsi, demokratik cəmiyyətin “dəyərlər diktaturası” kimi qiymətləndirilməsi barədə ifadələrə yer verildiyi, demokratiya və hüquqi dövlət prinsiplərinin yerinə xilafət qurulması tələbinin aydın şəkildə əksini tapdığı qeyd olunub. Bununla yanaşı, ictimai birliyin insan haqlarını pozduğu, qanunla qadağan edilən formada aqressiv və mübarizəyönümlü fəaliyyət göstərdiyi, davamlı olaraq ictimaiyyət qarşısında konstitusiyaya zidd məqsədlərini reallaşdırmağa dair çağırışlar etdiyi, sosial şəbəkələrdən intensiv istifadə etməklə və aksiyalar keçirməklə daha çox insanı ideoloji təsiri altına almağa, onları konstitusiyaya düşmən kimi formalaşdırmağa çalışdığı, təşkilatın məqsədinin konstitusiya quruluşunu tədricən sarsıtmaq olduğu bildirilib.
Nazirlik təşkilatın fəaliyyətinin sırf təhlükə qiymətləndirilməsinə əsasən dayandırıldığını açıqlayıb. Bu qərarlarda din, məzhəb və ya inanc amillərinin heç bir rol oynamadığı, birliklərin ictimai fəaliyyətləri, davranışları və konstitusiya quruluşuna doğurduqları real təhlükələrlə əlaqədar qəbul edildiyi vurğulanıb.
Berlin