DÜNYA
Almaniyada rəy sorğusu: Uşaq və gənclərin beşdəbiri kiberzorakılıq hallarına məruz qalır
Berlin, 27 oktyabr, AZƏRTAC
Almaniyada aparılan rəy sorğusunun nəticələri uşaq və gənclərin beşdəbirinin kiberzorakılıq hallarına məruz qaldığını göstərir.
AZƏRTAC “Tagesschau” informasiya xidmətinə istinadla xəbər verir ki, əyalətlərin birində aparılan sorğuda 4213 şagird, 637 müəllim, 1061 valideyn və ya qanuni qəyyum iştirak edib.
Sorğunun nəticələrinə əsasən, uşaq və yeniyetmələri nifrət ruhuna və zorakı davranışlara təhrik edən sosial şəbəkələr arasında ilk sırada 77 faizlə vatsap yer alıb. Sonrakı yerlərdə tiktok (57 faiz), snapçat (50 faiz) və instaqram (45 faiz) dayanır.
Mütəxəssisləri narahat edən məsələlərdən biri sorğuya qatılan uşaq və yeniyetmələrin 13 faizinin çarəsizlikdən alkoqollu içkilər, müxtəlif psixotrop maddələr və ya narkotik vasitələrdən istifadə etmələri barədə etirafıdır. Ən dəhşətlisi isə hər dörd nəfərdən birinin - respondentlərin 26 faizinin hətta intihar barədə düşündüklərini etiraf etməsidir.
Sorğuda iştirak edən müəllimlərin təxminən 70 faizi şagirdlərin mobil cihazlardan istifadə etmələrinin qarşısını ala bilmədiklərini söyləyib. Bu rəqəm 2022-ci ildə 42 faiz olub.
Araşdırmaya görə, şagirdlər günün 3-4 saatını internetdə keçirirlər. Valideynlərin cəmi 14 faizi övladlarının mobil cihazlardan istifadə etmələrini nəzarətdə saxlaya bildiklərini deyib. Sorğunun təşkilatçıları uşaqların internetdən istifadə etmələrinə nəzarət olunmasında anaların daha vacib rol oynadığını qeyd edirlər.
Almaniyada artıq daha çox məktəb təhsil müəssisələrinə mobil telefonların gətirilməsinə icazə verilməməsi məsələsini müzakirə edir.
Kiberzorakılıq halları mobil cihazların imkanlarından, o cümlədən sosial mediadan istifadə edərək insanları təhqir, təhdid, ifşa etmək və ya onlara qarşı təcavüzkar hərəkətlər törətməkdir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin