Almaniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 12-də Almaniyanın Vaysvasser şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri keçirilmişdir.
Ənənə halını almış turnir Azərbaycanın Almaniyadakı səfirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin və Dövlət Neft Şirkətinin Berlindəki təmsilçiliyinin dəstəyi, Maqdeburq şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Boks Komitəsinin (WBCA) təşkilatçılığı ilə keçirilmişdir.
Diasporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, turnirdə azərbaycanlı boksçulardan başqa Almaniya, Çexiya, Litva və Ermənistanı təmsil edən idmançılar da iştirak etmişlər. Turnirin ən maraqlı yarışı Almaniyada yaşayan azərbaycanlı boksçu Azad Əzizov ilə alman boksçu, IBF və IBO versiyaları üzrə dünya çempionu Rene Mahlinq arasında Heydər Əliyev adına Boks Komitəsinin təsis etdiyi WBCA dünya kəməri uğrunda keçirilən görüş olmuşdur. Ağır mübarizə şəraitində keçən qarşılaşmada yüksək ustalıq nümayiş etdirən həmyerlimiz vaxtından əvvəl qələbə qazanmışdır.
Turnir çərçivəsində baş tutan digər döyüşlərdə iştirak edən həmyerlilərimiz Rauf Ağayev və Fariz Məmmədov müvafiq olaraq çexiyalı Yozef Holub və ermənistanlı Yeqise Tovmoskyan üzərində qələbə qazanaraq WBCA beynəlxalq kəmərlərinə sahib olmuşlar. Almaniyadan olan boksçu ilə görüşən digər həmyerlimiz Bəxtiyar İskəndərzadə isə rəqibi Mattias Pelkə xal hesabı ilə məğlub olmuşdur.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Dövlət Neft Şirkətinin təmsilçisi Elmar Məmmədov, səfirliyin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının üzvləri yarışları izləmişlər.