Almaniyada yaşayan azərbaycanlıların toplantısı keçirilib
Berlin, 10 iyun, AZƏRTAC
Almaniyanın Braunlage şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin 12 illik hesabat toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan təşkilatın sədri Seymur İbrahimov hesabatı təqdim edib.
Toplantıya Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları da qatılıblar. Bu ölkədə yaşayan azərbaycanlıların və onları birləşdirən diaspor təşkilatlarının fəaliyyətindən danışan komitə sədri Azərbaycanın dövlətçilik tarixinə də nəzər salıb, Prezident İlham Əliyevin yürütdüyü diaspor siyasətinin uğurlu nəticələrindən danışıb.
Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub və layihələr barədə məlumat verilib.
Almaniya Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin sədri Yaşar Musayev Almaniyada yaşayan azərbaycanlıların təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiya olunması və digər mühüm məsələlərlə bağlı çıxış edib. Qeyd olunub ki, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi təkcə Almaniyada yaşayan azərbaycanlılar arasında körpü rolunu oynamır, eyni zamanda, yerli tələbələrlə və alimlərlə də sıx əlaqələr yaradır, elmi müzakirə platformaları təşkil edir. Bundan başqa, alman dilinə tərcümə olunan Azərbaycan filmlərinin nümayişi keçirilir. Həmçinin təşkilat Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulmasında da fəallıq göstərir.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bu ölkədə yaşayan azərbaycanlıların problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb. Toplantı iştirakçıları müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Braunlage şəhərində keçirilən toplantının davamında Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüş keçirilib və Şuranın gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr də aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin