Almaniyanın aparıcı turizm şirkətləri nümayəndələrinin Azərbaycana tanışlıq səfəri başa çatıb
Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində reallaşan bu səfər hər iki ölkəni təmsil edən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 24-dən 31-dək davam edən səfər çərçivəsində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri Azərbaycanın turizm şirkətlərinin təmsilçiləri ilə görüşmüş, ölkəmizdəki mehmanxanalara baş çəkmiş, bir sıra işgüzar görüşlər keçirmiş, tarixi mədəniyyət abidələri ziyarət etmişlər.
Görüşlərdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Naftalan, Göygöl və Gəncəyə səfər edib və bu regionların turizm potensialı ilə yaxından tanış olublar.
Həmçinin hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə sentyabrın 3-dən 7-dək Almaniyanın MİCE turizm təmsilçilərinin və sentyabr 25-dən 30-dək tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.