“ALMANYA OLİMPİYA HƏRƏKATINDA” MÖVZUSUNDA MÜHAZİRƏ MARAQLA DİNLƏNİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Karlos Qonsalves, təşkilatın vitse-prezidentləri Ərdoğan Arıpınar və Manfred Lammer Azərbaycan Bədən Tərbiyyəsi və İdman Akademiyasında olmuşlar.
Qonaqları salamlayan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, bu səfərdən məqsəd 2009-cu ilin oktyabrında Azərbaycanda keçiriləcək Avropa Ədalətli Oyunlar Hərəkatının 15-ci Konqresi və Baş Assambleyasına hazırlıq işləri ilə tanış olmaqdır.
Səfər çərçivəsində AƏOH-un prezidenti Karlos Qonsalves və vitse- prezidenti Manfred Lammer müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər. Bu gün biz vitse-prezident M.Lammerin “Almanya Olimpiya hərəkatında” mövzusunda mühazirə dinləyəcəyik.
Ç.Hüseynzadə demişdir ki, Manfred Lammer professordur və uzun illər Olimpiya hərəkatının tarixini tədqiq etmişdir.
“Almaniya Olimpiya hərəkatında” mövzusunda mühazirə edən M.Lammer demişdir: “Bu mövzunu ona görə seçmişəm ki, Bakı 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına iddialı şəhərlər sırasında olmuşdur. Düzdür son anda bu iddia baş tutmasa da məyus olmağa dəyməz. Almaniya da Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün uzun illər durmadan mübarizə aparmış və son istəyinə nail olmuşdur.
Natiq Almaniyanın Olimpiya hərəkatına verdiyi töhfələrdən və bu istiqamətdə apardığı məqsədyönlü işlərdən söz açmışdır. İkinci dünya müharibəsindən sonra Almaniyanın uzun illər Olimpiya hərəkatından kənarlaşdırıldığını bildirən mühazirəçi vurğulamışdır ki, belə çətin vaxtlarda da bu ölkədə idmanın inkişafı diqqət mərkəzində saxlanılmışdır.
Manfred Lammer Olimpiya hərəkatının tarixindən söz açmış və Almaniyada bu hərəkatın genişlənməsi istiqamətində görülmüş işləri diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, AƏOH-un əsas məqsədi idmanda və cəmiyyətdə ədalət və etik prinsiplərin qorunmasına nail olmaqdır.
######
