Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, eləcə də “Yüksəliş” müsabiqəsinin ötən illərdəki qalibləri iştirak edirlər.
Açılış mərasimində çıxış edən qonaqlar yarımfinal mərhələsinə qədər uğurla irəliləyən iştirakçıları təbrik edib, onlara qarşıdakı mərhələdə uğurlar arzulayıblar. Qeyd olunub ki, bu mərhələyə vəsiqə qazanmaq iştirakçıların bilik, bacarıq, hazırlıq və potensialının göstəricisi olmaqla yanaşı, artıq mühüm nailiyyətdir.
Bu il keçirilən müsabiqənin konsepti Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
Mərasimdə vurğulanıb ki, Azərbaycan yüksəlişinin memarları - Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı naminə həyata keçirilən uzaqgörən strateji qərarlar digər sahələrdə olduğu kimi, memarlıq, şəhərsalma, abadlıq, infrastruktur və quruculuq sahələrində də mühüm yeniliklərin əsasını qoyub, Azərbaycanın müasir və dinamik simasının formalaşmasına mühüm töhfə verib.
Yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan 331 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər. Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir.
Qeyd edək ki, yarımfinal mərhələsinə hazırlıq çərçivəsində qiymətləndirici ekspertlər üçün üçgünlük təlim proqramı təşkil olunub. Təlimlərə 100-ə yaxın ekspert cəlb edilib. Ekspertlər real imtahan mühitinə yaxınlaşdırılmış simulyasiya olunmuş situasiyalar əsasında iştirakçıların bacarıqlarının qiymətləndirilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti və ekspertlərin funksiyaları barədə ətraflı məlumatlandırılıblar.
Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən “Qiymətləndirmə konfransı” - “Assessment Conference” metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır.
Yarımfinal mərhələsi iyulun 5-də başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar iyulun 17-19-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da Sərəncam imzalanıb.