Assosiasiya sədri: İqlim dəyişikliyinin insan sağlamlığına təsiri elmin yeni prioritet istiqamətidir
Bakı, 3 iyul, AZƏRTAC
İqlim dəyişikliyi yalnız ətraf mühitin qorunması ilə məhdudlaşmır. Qlobal istiləşmə, ekstremal hava hadisələri, su ehtiyatlarının azalması və ətraf mühitin çirklənməsi ictimai sağlamlıq, insan biologiyası və səhiyyə sistemləri üçün yaratdığı risklərə görə dünya elminin əsas tədqiqat obyektinə çevrilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində cərrah və tədqiqatçı, Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təsisçisi və sədri İlhamə Cəfərli bildirib.
Doktor İlhamə Cəfərli qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq elmi müzakirələr artıq karbon emissiyalarının azaldılması çərçivəsini xeyli aşaraq, insan sağlamlığı, ekosistemlər və dayanıqlı inkişaf məsələlərini əhatə edir. O, 75 min iştirakçını və 1300-dən çox tədbiri əhatə edən “London İqlim Fəaliyyət Həftəsi 2026” (London Climate Action Week) çərçivəsində təşkil etdiyi elmi panel zamanı, xüsusilə reproduktiv sağlamlıq amillərinin və onların təsir mexanizmlərinin öyrənilməsinin vacibliyini vurğulayıb: “Androgen reseptorları reproduktiv inkişafda mühüm rol oynayır. Onların fəaliyyəti temperatur dəyişiklikləri, sənaye mənşəli kimyəvi maddələr, pestisidlər və plastik tərkibli birləşmələr kimi ətraf mühit amillərindən ciddi şəkildə təsirlənə bilər. Heyvanlar üzərində aparılan araşdırmalar temperaturun reproduktiv proseslərə və cinsiyyətin formalaşmasına təsirini təsdiqləsə də, insan sağlamlığı ilə bağlı daha geniş və uzunmüddətli elmi tədqiqatlara ehtiyac var”.
Tədbir çərçivəsində ekosistemlərin deqradasiyası, su hövzələrinin quruması və biomüxtəlifliyin azalmasının insan həyatına, ərzaq təhlükəsizliyinə və iqtisadiyyata təsiri də müzakirə olunub. Doktor Rəhman Xətibi Urmiya gölünün ekoloji vəziyyətinə diqqət çəkərək, dünyanın ən böyük şor göllərindən birinin son onilliklərdə sürətlə kiçilməsinin ciddi sosial və humanitar fəsadlara yol açdığını vurğulayıb. Mövzu ilə bağlı doktor Firuzə Məmmədli də geniş təqdimatla çıxış edib.
Dayanıqlı xəstəxanaların yaradılması, fövqəladə iqlim hadisələrinə hazırlıq, su ehtiyatlarının səmərəli idarə olunması və ətraf mühit amillərinin insan sağlamlığına təsirinin monitorinqi gələcək üçün prioritetlərdəndir. Bu mürəkkəb çağırışlara cavab vermək üçün elm, mühəndislik, səhiyyə, ekologiya və dövlət siyasəti arasında sıx əməkdaşlıq vacibdir.
Qeyd edək ki, AABP-nin sədri kimi doktor İlhamə Cəfərli Böyük Britaniya və Azərbaycan həkimləri və alimləri arasında bu istiqamətdə birgə elmi araşdırmaların aparılmasını dəstəkləyir. O, həmçinin COP31-ə hazırlıq prosesində iştirak edərək, iqlim dəyişikliyi, dayanıqlı inkişaf və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.