Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəm strateji tərəfdaşlığın inkişaf etdiyini göstərir ŞƏRH
Bakı, 3 iyul, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini göstərən mühüm siyasi hadisələrdən biridir. Bu səfər onu göstərir ki, Avropa İttifaqı artıq Azərbaycana təkcə etibarlı enerji tərəfdaşı kimi deyil, eyni zamanda, regionda geosiyasi çəkisi və strateji əhəmiyyətə malik dövlət kimi yanaşır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin (İB) sədri Tural Nurməmmədov deyib.
Bu gün Azərbaycanın regional sabitliyin qorunması, sülh prosesinin təşviqi, enerji təhlükəsizliyinin təmin olunması və Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm rol oynadığını bildirən İctimai Birliyin sədri qeyd edib: “Xüsusilə enerji resurslarının şaxələndirilməsi və etibarlı tədarük marşrutlarının formalaşdırılması fonunda ölkəmizin əhəmiyyəti daha da artıb. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəm qarşılıqlı etimadın və strateji tərəfdaşlığın inkişaf etdiyini göstərir. Hesab edirəm ki, bu səfər gələcəkdə enerji, nəqliyyat, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə yeni imkanlar yaradacaq. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, milli maraqlara söykənən mövqeyi və regional təşəbbüslərdə fəal iştirakı ölkəmizi Avropa üçün etibarlı və strateji tərəfdaşa çevirib. Bu baxımdan, həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir”.
Müxbir - Günel Türksoy