Siyasi şərhçi: Bakı qlobal enerji, logistika və təhlükəsizlik arxitekturasının mərkəzi sütunudur
Bakı, 3 iyul, AZƏRTAC
Dünyada gedən sürətli dəyişikliklərin mərkəzində Cənubi Qafqaz dayanır. İndi bu regionda müharibələr, güc nümayişi və hədə-qorxunun yerini geniş əməkdaşlıq imkanları, ticarət və rəqabətli sərmayə mühiti alıb. Yaranmış vəziyyətdən hər kəs faydalanmağa çalışır. Xüsusilə Avropa İttifaqı bu məsələdə fəal görünür. Bakıya yüksəkvəzifəli rəsmilərin ard-arda səfərləri, beynəlxalq tədbirlərdə mütəmadi təmaslar Brüsselin niyyətində nə qədər israrlı olduğunu göstərir. Tərəflər görüşlər zamanı bəzəkli cümlələrlə zəngin bəyanatlar vermək əvəzinə real layihələri müzakirə edirlər. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regionda sülh gündəliyi bu danışıqların əsas mövzusu olur. İşin ən mühüm tərəfi təbii ki, enerji təhlükəsizliyidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
“Təsadüfi deyil ki, ittifaqla Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanandan sonra Azərbaycanın Avropaya təbii qaz ixracı 65 faiz artıb. İndi Azərbaycan qazının yarısı birbaşa “köhnə qitə”yə gedir. Bakı Avropa üçün artıq sadəcə etibarlı tərəfdaş deyil, həm də əvəzolunmaz xilaskardır. Üstəlik, tərəflər artıq növbəti mərhələyə keçirlər – bu yazıl enerji ilə bağlıdır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Xəzərin yaşıl enerji potensialını xüsusi qeyd etməsi bu baxımdan önəmli idi. Növbəti mərhələdə çox güman ki, biz həm də Bakı ilə Brüsselin hərtərəfli saziş imzalamasının da şahidi olacağıq. Bunun üçün artıq müzakirələr də başlayıb”, - deyə siyasi şərhçi əlavə edib.
O bildirib ki, Ursula Fon der Lyayenin son səfərində ən çox diqqətçəkən məqam isə heç şübhəsiz sülhə yanaşma ilə bağlı idi. Avropada da artıq regionun əvvəlki vəziyyətə qayıtmasını istəmirlər. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu əməkdaşlıq modeli hər kəsin marağına uyğundur: “Düşünürəm ki, Avropa Komissiyasının rəhbərinin Ermənistanla sülh prosesinə görə Prezident İlham Əliyevi rəsmən təbrik etməsi yaranmış vəziyyətdən məmnunluğun ifadəsi idi. Zaman keçdikcə Qərbin regiondakı yeni reallıqları tam qəbul etdiyinin şahidi oluruq. Artıq Brüsseldə anlayırlar ki, Avropa İttifaqının strateji maraqlarının qorunması sülhün möhkəmləndirilməsindən asılıdır. Buna görə də sülhün dəstəklənməsinə qərar veriblər. Paralel olaraq Bakının təqdim etdiyi nəqliyyat və kommunikasiya xətlərinin bərpası layihələrini tam dəstəkləyirlər. Çünki bu yollar Avropanı Xəzər və Mərkəzi Asiya ilə birləşdirən yeganə təhlükəsiz dəhlizdir. Artıq rahatlıqla deyə bilərik ki, Azərbaycan Avropa üçün sıradan bir region ölkəsi deyil. Bakı qlobal enerji, logistika və təhlükəsizlik arxitekturasının mərkəzi sütunudur”.