Rəşad Əliyev: Uşaqların kibertəhlükəsizliyi üçün həm qanuni tənzimləmə, həm də valideyn nəzarəti vacibdir
Bakı, 3 iyul, AZƏRTAC
Sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin daha effektiv tətbiqi, platformalar üzərində nəzarətin gücləndirilməsi və valideyn nəzarəti mexanizmlərinin genişləndirilməsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Rəşad Əliyev bildirib.
Ekspert qeyd edib ki, yeni tənzimləmələrin ən mühüm üstünlüklərindən biri sosial şəbəkələrdə də televiziya kanallarında olduğu kimi müəyyən nəzarət mexanizmlərinin və məhdudiyyətlərin tətbiq edilməsidir.
“Əslində, bu qanunun ən böyük üstünlüklərindən biri odur ki, televiziya kanallarında olduğu kimi burada da nəzarətin olması və müəyyən limitlərin qoyulması çox vacibdir. Əvvəllər sosial şəbəkələrdə qeydiyyatdan keçərkən yaş məhdudiyyəti olsa da, azyaşlı istifadəçilər yaşlarını olduğundan böyük göstərərək platformalara daxil olurdular. Bu isə müxtəlif fəsadlara səbəb olur, uşaqların müxtəlif risklərlə üzləşməsi ilə nəticələnirdi”, - deyə Rəşad Əliyev vurğulayıb.
Rəşad Əliyev diqqətə çatdırıb ki, qanunvericiliyin təkmilləşdirilməsi və düzgün tənzimləmə mexanizmlərinin tətbiqi rəqəmsal mühitin daha təhlükəsiz inkişafına şərait yaradacaq.
“Qanunvericiliyin və düzgün tənzimləyici proseslərin həyata keçirilməsi bu sahənin daha sağlam inkişaf etməsinə gətirib çıxara bilər. Eyni zamanda, xarici sosial şəbəkələrin ölkə səviyyəsində və ya regional mərkəzlər vasitəsilə moderasiya olunması, sorğulara daha operativ cavab verilməsi baxımından da bu addımların müsbət təsiri olacaq”, – deyə ekspert bildirib.
Rəşad Əliyev vurğulayıb ki, uşaqların təhlükəsizliyi yalnız sosial şəbəkələrin məsuliyyəti deyil, burada valideynlərin də rolu böyükdür.
“Valideynlər də məsuliyyət daşıyırlar. Mən övladlarıma telefon verdikdə onların cihazlarında valideyn nəzarəti tətbiq edirəm. Amma bəzi valideynlər uşağa telefon versələr də, bu cür nəzarət vasitələrindən istifadə etmirlər. Nəticədə, bilmədən uşaqları müxtəlif risklərə məruz qoya bilirlər”, – deyə o qeyd edib.
Mütəxəssis hesab edir ki, texniki tənzimləmələrlə yanaşı, cəmiyyətin rəqəmsal savadlılığının artırılması istiqamətində də sistemli iş aparılmalıdır.
“Bu sahədə gələcəkdə təlimlərə, maarifləndirməyə və tədris proqramlarına böyük ehtiyac olacaq. Bəzən uşaq texnologiyadan valideynindən daha yaxşı istifadə edir, müxtəlif məhdudiyyətləri keçmək üsullarını bilir. Buna görə də valideynlərin məlumatlandırılması və düzgün nəzarət mexanizmlərinin öyrədilməsi vacibdir ki, sonradan bu vəziyyət mənfi nəticələrə səbəb olmasın”, – deyə Rəşad Əliyev əlavə edib.
Müxbir – Pərvanə Qafarova