AMEA institutlarının həmkarlar ittifaqları sosial həmrəylik nümayiş etdirirlər
Bakı, 22 may, AZƏRTAC
Pandemiyaya qarşı mübarizə məqsədilə aparılan preventiv, profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmlər doktoru, professor Habil Qurbanovun dəstəyi və təşəbbüsü ilə akademiya institutlarının həmkarlar ittifaqları sosial həmrəylik nümayiş etdirirlər.
AMEA-nın Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar və ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq aztəminatlı ailələrə ərzaq paylanması ilə bağlı tədbirlər davam etməkdədir. Şəfqət, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Azad Həmkarlar İttifaqının dəstəyi və təşəbbüsü ilə Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şəki Regional Elmi Mərkəzi, Riyaziyyat və Mexanika İnstitutu, Dendrologiya İnstitutu, Fizika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Fəlsəfə İnstitutu və AMEA Rəyasət Heyətinin ehtiyacı olan əməkdaşlarına ərzaq yardımı göstərilib.
Habil Qurbanov Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayaraq yardımın həm bayramlar, həm də koronavirusa görə təşkil olunduğunu bildirib. Qeyd edib ki, koronavirus infeksiyası ilə mübarizə məqsədilə AMEA-nın 1000-dən çox aztəminatlı əməkdaşının ailələrinə ərzaq məhsulları paylanılıb.
AMEA Azad Həmkarlar İttifaqının əməkdaşları, həmçinin həmin insanların səhhəti ilə maraqlanıb, onlarla maarifləndirici söhbətlər aparmaqla yanaşı, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydaları barədə də məlumat veriblər.