AMEA-nın Fizika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib
Bakı, 5 mart, AZƏRTAC
AMEA-nın Fizika İnstitutunda İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzinin və Bask Universitetinin professoru Yevgeni Çulkov, Rusiyanın Bərk Cisimlər Fizikası İnstitutunun aparıcı elmi işçisi Vladimir Zveryev və AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademiyanı müxbir üzvü Məhəmməd Babanlının iştirakı ilə “Topoloji izolyatorlar: fizika və materialşünaslıq sahəsində ən son nailiyyətlər” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi müəssisənin direktoru, akademik Nazim Məmmədov açaraq mövzunun aktuallığından danışıb. Bildirib ki, seminarın keçirilməsində məqsəd topoloji izolyatorlar, onların əhəmiyyəti, yeni kəşf olunan antiferromaqnit topoloji izolyatoru və bu kəşfdə Fizika İnstitutu alimlərinin xidməti haqqında məlumat verməkdir.
Seminarda məruzə ilə çıxış edən rusiyalı alim Yevgeni Çulkov yeni kəşf haqqında məlumatın “Nature” jurnalında dərc olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, antiferromaqnit topoloji izolyator gələcəkdə itkisiz enerji daşınması və digər sahələrdə tətbiq edilməsi baxımından faydalı olacaq. Bu kəşf Rusiya, Azərbaycan İspaniya, Almaniya, Avstriya, Yaponiya, İtaliya və ABŞ-ın müxtəlif elm sahələri üzrə aparıcı tədqiqat mərkəzlərinin beynəlxalq kollaborasiyası nəticəsində meydana gəlib.
İnstitut əməkdaşları seminarda fəal iştirak ediblər. Mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.