AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev: Azərbaycan əsgəri mütləq qalib gələcək
Naxçıvan, 3 oktyabr, AZƏRTAC
Bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək yeni əraziləri işğal etmək üçün hücuma keçdi, yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutdu, həmin ərazidə yaşayan çox sayda sakinin ölümünə, yaralanmasına, ev-eşiklərinin dağılmasına səbəb oldu. Buna cavab olaraq şanlı ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etmək üçün əks-hücum əməliyyatına başladı. Müzəffər ordumuz qısa zamanda 7 yaşayış məntəqəsini və bir sıra yüksəklikləri düşməndən azad etdi, ona sarsıdıcı zərbə vurdu.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev deyib.
Əbülfəz Quliyev vurğulayıb ki, 30 ilə yaxın bir dövrdə ölkəmizin dilbər guşəsi - can Qarabağın düşmən tapdağında qalması bizi çox ağrıdır. Çünki ölkəmizin 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız yurdundan-yuvasından didərgin düşüb, xain qonşularımız müqəddəs yerləri, məscidləri, pirləri, tarixi-mədəniyyət abidələrimizi darmadağın ediblər.
Ermənilərin yerli xalq olmadığını diqqətə çatdıran AMEA-nın müxbir üzvü bildirib ki, 1828-ci ildən çar Rusiyasının xarici ölkələrdən erməniləri gətirib Azərbaycana yerləşdirməsi ilə İrəvan, Göycə, Dilican, Zəngəzur, Uluxanlı, Vedi, Qəmərli, Ağbaba, Pənbək və digər torpaqlarımız yağı düşmən tərəfindən qəsb edildi. İndi isə düşmənlərimiz Dağlıq Qarabağ və Aran Qarabağı, hətta Naxçıvanı ələ keçirməyi qarşılarına məqsəd qoyublar. Bununla bağlı niyyətlərini gizlətmir, açıq-açığına, utanıb-çəkinmədən bəyan edir, saxta məlumatlarla, qırmızı yalanlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Çox təəssüf ki, bəzi dövlətlər Azərbaycanın haqq işini, öz ərazisini düşmən işğalından azad etmək hüququnu təsdiq etmək əvəzinə erməni işğalını müdafiə edir, atəşin dayandırılmasını tələb edirlər. Biz erməni daşnaklarının havadarlarından qorxmuruq və haqq işimiz uğrunda sonadək mübarizə aparmağa hazırıq.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru bildirib ki, bu gün bütün Azərbaycan xalqı bu müqəddəs işdə Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman ordumuzun yanındadır, onu ürəkdən dəstəkləyir. Azərbaycan əsgərində isə böyük ruh yüksəkliyi var, çünki onlar Vətən uğrunda vuruşurlar. Vətəndaş olaraq Vətən uğrunda hər şeyə hazır olmalıyıq. Varımızdan-yoxumuzdan belə keçməliyik. Şəhriyar demişkən: “Ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan!”
Əbülfəz Quliyev deyib: “Bütün varlığımla inanıram ki, Vətən müharibəsi qələbə ilə başa çatacaq. Qələbə bizimlədir. Qəhrəman Azərbaycan əsgəri bu sevinci Azərbaycan xalqına bəxş edəcək! Yaşasın igid əsgərlərimiz! Yaşasın qəhrəman Azərbaycan Ordusu!”