AMEA-nın Təhsil şöbələrinin müdirləri ilə onlayn iclas keçirilib
Bakı, 5 iyun, AZƏRTAC
AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri ilə növbəti onlayn iclas keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclas doktorantura, dissertantura və magistratura ilə bağlı Rəyasət Heyətinin qərarlarının və AMEA-nın prezidentinin sərəncamlarının icrasının təmin edilməsi, eləcə də yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili məqsədilə təşkil olunub.
Tədbiri idarənin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov açaraq AMEA-da doktorantura, dissertantura və magistratura ilə bağlı qəbul edilmiş sənədlərin icrasına dair görülən işlər barədə məlumat verib və qarşıda duran məsələləri diqqətə çatdırıb. O, pandemiya şəraitində təhsilin davamlılığının təmin edilməsi və təşkili məqsədilə AMEA prezidentinin qəbul etdiyi sərəncamların əhəmiyyətini vurğulayıb. İmtahanların, o cümlədən magistrlik dissertasiya müdafiələrinin təşkili üçün vacib məsələlərə toxunub.
Təhsil idarəsinin rəis müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev çıxışlarında AMEA-da ödənişli əsaslarla fəlsəfə və elmlər doktoru proqramları üzrə müvafiq ixtisaslar üçün tələb olunan təhsil haqqının illik məbləği, doktorluq imtahanlarının keçirilməsi, 2020-ci il üzrə doktoranturaya qəbulun nəticələri, növbəti qəbul prosesinə hazırlıqdan bəhs ediblər. Pandemiya şəraitində magistrantların yay imtahan sessiyasının, eləcədə magistrlik dissertasiyaların müdafiəsinin təşkili istiqamətində görülən tədbirlərdən danışıblar.
Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.