AMERİKA HƏKİMLƏRİ FİDEL KASTRONUN XƏSTƏLİYİ BARƏDƏ NƏ DÜŞÜNÜRLƏR?
Divertikulyoz bağırsağın divarlarında çoxlu kisəyəbənzər qabarmalar (divertikul) olması ilə səciyyələnir. Bunlar iltihaba uğraya və qanaya bilər. Divertikulyozun müalicəsi cərrahi müdaxilə tələb edir. Çox vaxt xəstədə bağırsağın xeyli hissəsini kəsib götürürlər.
Vaşinqton Tibb Mərkəzinin doktoru Timoti Kox demişdir: “Aydındır ki, Kastro daxili qanaxmadan əziyyət çəkir. Əgər bu, divertikulyozdursa, cərrahi əməliyyatdan sonra ona səhhətini bərpa üçün azı iki həftə vaxt lazımdır”.
Kox güman edir ki, əgər Kastro bağırsaq işemiyasından - damarların daralmasının və ya tamamilə tıxanmasının səbəb olduğu qan azlığından, yaxud tez-tez siqaret çəkmək və alkoqollu içkilər içmək nəticəsində əmələ gələn geniş sirrozdan əziyyət çəkirsə, onda xəstəliklə bağlı daha ağır təsəvvür yaranır. Burada ölüm riski 70 faizdən 80 faizə qədərdir.
Məlumdur ki, Fidel Kastro 1980-ci ilədək çox siqaret çəkirdi.
Həkimlərin fikrincə, Kastroda kolorektal xərçəngin - yoğun bağırsaq xərçənginin olması da istisna deyildir. Doktor Koxun sözlərinə görə, bu xəstəlik ciddi cərrahi əməliyyat aparılmasını tələb etmir. O deyir: “Həkim yaraya, sadəcə olaraq, iki tikiş qoyur”.
Başqa bir həkim, Çikaqo Tibb Universiteti xəstəxanasının həkimi Stefan Hanauer güman edir ki, yəqin söhbət xoranın deşilməsindən gedir. Bu halda çox vaxt yoğun bağırsaq deyil, onun yuxarı divarları zədələnmiş olur. O, eyni zamanda, hesab edir ki, Kastroda xərçəng xəstəliyi var. Doktor Hanauer öz fikrini bununla əsaslandırır ki, son zamanlar Kastro camaat arasına çıxarkən onun heydən düşdüyünü və bərk arıqladığını görməmək olmazdı.