SİYASƏT
Amerikalı siyasi icmalçı üç konqresmenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri haqda yazıb
Vaşinqton, 1 dekabr, AZƏRTAC
Amerikanın “The Daily Caller” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın məqaləsi dərc edilib. Materialda üç amerikalı konqresmenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərindən bəhs edilir.
Müəllif həmin konqresmenlər tərəfindən Azərbaycan sərhədinin qanunsuz keçilməsi və onların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfəri barədə söhbət açaraq yazır ki, ABŞ Konqresinin üç üzvü - Nyu-Cersidən Frenk Pallone, Kaliforniyadan Devid Valadao və Havaydan Tulsi Qabbard ABŞ-ın rəsmi xarici siyasətinə məhəl qoymadıqları üçün məsuliyyət daşımalıdırlar.
Ekspert qeyd edir ki, Konqresin üzvləri Azərbaycanın rəsmi icazəsi olmadan Azərbaycan sərhədini keçməklə və bu ölkənin işğal altında olan ərazilərinə səfər etməklə Amerikanın müttəfiqinin qanunlarını və beynəlxalq hüquq normalarını pozublar. Daha sonra müəllif tutarlı səbəblər sadalayaraq izah edir ki, konqresmenlərin rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə getməyə haqqı yox idi.
Kontreras yazır ki, əvvələn, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan öz müstəqilliyini elan edəndə bu ərazi Azərbaycanın tərkibində olub. Ermənilərin istinad etdikləri qondarma “müstəqillik haqqında referendum” isə vaxtilə, 1861-ci ildə Konfederasiyaya daxil olan ştatların Birləşmiş Ştatlardan ayrılması kimi qanunsuzdur. İkincisi, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək onunla nəticələnə bilər ki, bu səfərdə iştirak edənlər Azərbaycanın “qara siyahı”sına düşəcəklər. Üçüncüsü, Azərbaycan Birləşmiş Ştatların hərbi müttəfiqidir, Ermənistan isə onun müttəfiqi deyil. Azərbaycan əsgərləri Əfqanıstanda sülhyaratma qüvvələrinin heyətində xidmət edirlər. Azərbaycan Amerika qoşunlarının Əfqanıstana getməsi üçün öz səmasından istifadə etməyə icazə verir, bu qoşunları dəstəkləyir. 2002-ci ildən bəri Amerikadan Əfqanıstana daşınan materialların və şəxsi heyətin təxminən 40 faizi Azərbaycan ərazisindən keçməklə daşınır. Antidiffamasiya liqasının fikrincə, Ermənistan Avropada ikinci antisemit ölkədir.
Müəllif yazır ki, Pallone, Valadao və Qabbard Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək əvəzinə, birbaşa Azərbaycana uçub, 2017-ci ildə Amerikanın “Boeing” şirkətindən 1,1 milyard dollar dəyərində təyyarələr almış “Azərbaycan Hava Yolları” şirkətinə təşəkkür etsəydilər, daha yaxşı olardı. Cənubi Karolina və Vaşinqton ştatlarında istehsal edilən bu təyyarələr amerikalılar üçün minlərlə iş yeri yaradacaq. Kontreras öz məqaləsinin sonunda qeyd edir ki, bu cür səfər ABŞ üçün qat-qat artıq fayda gətirərdi.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton