AMERİKALILARIN ƏCDADI AVSTRALİYALILARA BƏNZƏYİRMİŞ
Arxeoloqların zaman-zaman Cənubi Amerikada tapdıqları qafatasılar quruluşuna görə Avstraliya və Melaneziyanın yerli sakinlərinin kəllələrini xatırladırdı. İndiyədək hesab olunurdu ki, bu anomaliyadır.
Braziliyada tapılmış 81 qafatasını öyrənən alimlər iki xalq tərəfindən Yeni Dünyanın birgə məskunlaşması nəzəriyyəsini irəli sürmək üçün kifayət qədər məlumat toplaya bilmişlər. Onlar hesab edirlər ki, “anomal” qafatasıların paleohindilər adlandırılan sahibləri indiki hindilərin əcdadından üç min il əvvəl Amerikaya gəlmişlər.
Paleohindilərin iri cənələrə, böyük göz çuxurlarına və enli burunlara malik uzunsov kəllələri var idi. Bu cür kəllə quruluşu Avstraliya, Melaneziya və Böyük Səhradan cənubdakı Afrika ölkələrinin yerli sakinləri üçün səciyyəvidir.
Paleohindilərə bənzəyən xalqlar təqribən 20 min il bundan əvvəl Asiyada yaşamış və ola bilsin ki, daha sonrakı xalqlar - müasir hindilərin əcdadları kimi, eyni yolu qət edib Amerika kontinentinə gəlib çıxmışlar.