Amsterdamda üzdəniraq erməni yazıçısının böhtan dolu əsərinin təqdimatına Azərbaycan diasporundan etiraz
Üzdəniraq erməni yazıçısı Anna Astvatsaturyanın keçən əsrin 90-cı illərində Bakıda və Sumqayıtda baş verən hadisələrlə bağlı heç bir həqiqəti özündə əks etdirməyən, yalan və böhtanla dolu kitabının Amsterdam Azad Universitetində təqdimatının keçirilməsi Benilüks Azərbaycanlıları Konqresinin (BAK) etirazına səbəb olub.
BAK və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları bununla əlaqədar universitetin rəhbərliyinə etiraz məktubu göndəriblər. Məktubda deyilir ki, istər Bakıda, istərsə də Sumqayıtda baş verən hadisələrin əsas təşkilatçılarının ermənilər olduğu, hazırda ölkəmizdə 30 mindən artıq erməninin yaşadığı artıq sübuta yetirilib. Lakin ermənilər bu danılmaz faktlarla barışmaq istəmir, çoxlu sayda etnik qrupların uzun illər dostluq şəraitində yaşadıqları Azərbaycanın əsl tolerantlıq məkanı olmasını unudaraq ölkəmizə böhtan atmaq kimi iyrənc əməllərinə son qoymurlar.
Məktubda Azərbaycanın tolerant ölkə olduğu bildirilib, Bakıda erməni kilsəsinin mövcudluğu buna real nümunə kimi göstərilib, etnik təmizləmə siyasəti aparan Ermənistanda bir azərbaycanlının belə qalmadığı, buna bənzər digər faktların dünya ictimaiyyətindən gizlədildiyi vurğulanıb.
BAK-ın gənclər təşkilatının nümayəndələri tələb olunan qaydada qeydiyyatdan keçərək kitabın təqdimatında iştirak ediblər. Onlar Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının silah gücünə öz doğma ata-baba yurdlarından zorla çıxarılması, Xocalı faciəsi barədə təşkilatçılara suallar veriblər, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dair faktları və dəlilləri bir daha diqqətə çatdırıblar.
Üzdəniraq yazıçı azərbaycanlı gənclərin real faktlara söykənən sualları qarşısında acizliyini nümayiş etdirib.
Azərbaycanın Niderlanddakı səfirliyi və BAK ermənilər tərəfindən ölkəmizə qarşı təşkil olunan qərəzli tədbirlərin qarşısını almaq üçün birgə fəaliyyət planı hazırlayıblar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris