CƏMİYYƏT
ANAMA: Fevralda 1,4 milyon kvadratmetrədək ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Fevralda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən 1 milyon 368 min 831 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 1048 partlamamış hərbi sursat, tank əleyhinə 31 və piyada əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təmizləmə işlərində 489 nəfərlik əməliyyat və 131 nəfərlik inzibati heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub. Ümumiyyətlə, indiyədək cəmi 396 milyon 984 min 456 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 756 min 894 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Fevralda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.
Ay ərzində bir mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınıb.