Ankarada insan haqları mövzusunda konfrans işə başlayıb
Ankara, 11 yanvar, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Ankarada “XXI əsrdə insan haqlarının gələcəyi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransda Azərbaycanı insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva təmsil edir.
Rəsmi açılışı Türkiyə Prezident Administrasiyasında keçirilən konfransda Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı dinlənilib.
Dövlət başçısı qloballaşan dünyada insan haqlarının əsas problemləri, insan hüquq və azadlıqlarının qorunması istiqamətində Türkiyənin dövlət siyasətinin nəticələri kimi məsələlərdən danışıb.
Dörd paneldən ibarət konfransda “Rəqəmsallaşmanın insan haqlarına təsiri”, “Müharibə, münaqişə və miqrasiyanın insan haqlarına yaratdığı problemlər”, “Pandemiya dövrlərində insan haqlarının pozulması”, həmçinin “XXI əsrdə insan haqlarının qorunması və inkişafı” mövzuları müzakirə ediləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara